Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Oct 2017 Diqər xəbərlər Diqər xəbərlər

AKADEMİK HƏTƏM QULİYEV UKRAYNADA BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB


11 oktyabr 2017-ci il
 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın həqiqi üzvü Hətəm Quliyev, Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) S.İ.Subbotin adına Geofizika İnstitutunda təşkil olunmuş “Geoloji mühitin və zondlayıcı sitemlərinin aktual problemləri” mövzusunda III Beynəlxalq konfransda iştirak edib. O, “Cənub-neftqazgeologiya” və “UkrGeofizika” şirkətləri ilə birgə təşkil olunmuş tədbirin plenar icalsında "İzotrop mühitlərdə elastiki dalğaların yayılmasına yüksək və ifrat yüksək təzyiqlərin təsiri" mövzusunda məruzə ilə çıxış edib. Məruzə marağa səbəb olub və mütəxəssislər tərəfindən dəstəklənib. Məruzənin tam mətni Beynəlxalq "Geofiziçeskiy Jurnal"-da məqalə şəklində çapa tövsiyyə olunub.

Konfransda Azərbaycandan əlavə ABŞ, Almaniya, Polşa, Çexiya, Rusiya, Belarus, Bolqarıstan və Türkiyə alimləri tərəfindən təqdim olunmuş 65 məruzə dinlənilib.

H.Quliyev UMEA-nın S.İ.Subbotin adına Geofizika İnstitutunun direktoru akademik V.İ. Starostenko, elmi işlər üzrə direktor müavini, UMEA-nın müxbir üzvü A.V. Kendzera, professoru V.P.Kobolev, geologiya elmləri doktoru T.K.Buraxoviç, Cənub-Neftqazgeologiya” şirkətinin direktoru N.P.Loyko və Ukrayna Geoloqlar İttifaqının prezidenti P.A.Zaqorodnyuk ilə də görüşüb. Görüş zamanı AMEA-nın Geologiya və Geofizika İnstitutunda alınmış elmi nəticələr müzakirə olunub. Layihələrin birgə həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. UMEA-nın Geofizika İnstitutu tərəfindən çap edilmiş, professor V.N.Şumanın xatirəsinə həsr olunmuş "Seçilmiş əsərlər" kitabı AMEA-nın Geologiya və Geofizika İnstitutuna hədiyyə edilib. N.P.Loyko və P.A.Zaqorodnyuk Ukrayna, Azərbaycan və Avropa alimlərinin, həmçinin aparıcı elmi-texnoloji müəssisələrin iştirakı ilə hazırda elm və texnologiya sahəsində geniş istifadə olunan yeni əməkdaşlıq formasının - habın yaradılmasının təklifini irəli sürüblər. Belə bir beynəlxalq hab “Tutkovskiy” adı ilə Ukraynada yaradılıb və burada S.İ.Subbotin adına Geofizika İnstitutu da iştirak edir. Bu sahədə Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədəuyğun hesab olunub.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com