Ana Səhifə / Xəbərlər

Xəbərlər

25 Sep 2018 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ALİMLƏRİ BU İL ÜÇÜN ÇÖL EKSPEDİSİYA İŞLƏRİNİ SONA ÇATDIRIBLAR


25 sentyabr 2018- ci il

Geologiya və Geofizika İnstitutunun Regional geologiya, geodinamika və metallogeniya seksiyasının alimləri bu il üçün çöl ekspedisiya işlərini sona çatdırıblar.

Çöl ekspedisiya işlərinin aparılmasında əsas məqsəd nadir torpaq elementlərinin respublikanın ərazisində yayılmış maqmatik, metamorfik, metasomatik və çökmə süxur komplekslərinin hansında daha çox qələvi torpaq elementlərinin toplanmasını aşkar etməkdən ibarət olub.

Görülən işlərlə bağlı Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, g.-m.e.d. Tələt Kəngərli və Mineralogiya və geokimya sektorunun müdiri g.-m.e.d. Musa Məmmədov bildiriblər ki, proqrama uyğun olaraq çöl ekspedisiya işləri Talış zonasında, Böyük Qafqazın Vəndam antiklinorisində, Şəmkir horst antiklinorisində və Daşkəsən sinklinorisinin şərq davamında aparılıb. Talış zonasının Hamarat və Burovar qalxmalarında, Lerik sinklinorisinin qərb davamında yerləşən orta, əsasi və ultraəsasi subqələvi və qələvi süxurlardan, fonolitlərdən, subqələvi pikritlərdən uyğun nümunələr götürülüb.

Talış zonasında olan üst eosen yaşlı subqələvi pikritlərdən götürülmüş nümulərdə qələvi və qələvi torpaq elementlərinin daşıyıcıları əvvəl floqopitin təsiri nəzərə alınmaqla ağır nadir torpaq elementlərinin konsentrasiyaları və davranış formaları təsdiq olunacaq. Oradan götürülmüş subqələvi qabroidlərdə isə nadir torpaq elementlərinin yüngülləri öyrəniləcək.

Çöl ekspedisiya işlərində Daşkəsən sinklinorisinin Murovdağ antiklinorisi ilə qovuşan hissəsindən normal qələvili pikritlərdən nümunələr götürülüb. Bu nümunələrdə yüngül lantanoidlər tədqiq olunacaq. Burada üst mantiya mənşəli pikritlər “restit” təbiətlidirlər.

Gədəbəy filiz rayonunda üst yura alt təbaşir yaşlı intruzivinin akkumulyasiya yolu ilə fraksiyalanmış plagioklazlı piroksenitdən də nümunə əldə edilib ki, bunlar əsasında fraksiyalanma prosesi çərçivəsində nadir torpaq elementlərinin davraniş mexanizmi araşdırılacaq. Həmçinin Böyük Qafqazın cənub-şərq davamında yerləşən Bucaq kəndi ərazisində aşkar etdiyimiz subqələvi əsasi süxurda nadir torpaq elementlərinin paylanması öyrəniləcək.

Beləliklə, aparılmış çöl tədqiqat işləri respublika ərazisində nadir torpaq elementlərinin paylanma qanunauyğunluğu aşkar olunmasında istifadə olunacaq.



AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed. nazarli@yandex.ru