Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 Oct 2018 Diqər xəbərlər Diqər xəbərlər

DÜNYANIN GƏNC GEOLOQ ALİM VƏ TƏLƏBƏLƏRİ BAKIDA TOPLAŞIBLAR


15 oktyabr 2018-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) təşkilatçılığı ilə dünya ölkələrindən 150-dən çox tələbə,magistr,gənc doktorant və mütəxəssisin qatıldığı Beynəlxalq elmi konfrans bu gün Bakıda öz işinə başlayıb. Dörd gün davam edəcək “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyalarının rolu” mövzusunda Beynəlxlq elmi tədbir GGİ-nin 80 illik yubileyi münasibətilə reallaşır.

Türkiyə, Rusiya, Almaniya, Macarıstan, Pakistan və digər ölkələri təmsil edən gənc alim və mütəxəssislərin qatıldığı VII Beynəlxalq elmi konfransa dünyanın aparıcı neft şirkətlərindən olan BP, Total və SOCAR dəstək verir.

Rəsmi açılış mərasimi AMEA Mərkəzi Elmi Kitabxanasında olan Beynəlxalq tədbiri Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq tədbirin əhəmiyyətindən danışıb, Azərbaycanda elmin inkişafını , gənc alimlərin fəaliyyəti üçün yaradılmış şəraiti xatırladıb və konfransın işinə uğurlar arzulayıb.

Beynəlxalq tədbirin Elmi-təşkilat komitəsinin sədri, akademik Əkpər Feyzullayev, AMEA-nın Gənc alim və mütəxəssislər şurasının sədri, Fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, GGİ-nin Gənc alim və mütəxəssislər şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, BP-nin səlahiyyətli nümayəndəsi Arzu Cavadova və Almaniyanın Martin Lüter Universitetinin professoru İan Lörç konfransda təbrik çıxışları ediblər.Daha sonra Azərbaycanı, Türkiyəni, Rusiyanı və Macarıstanı təmsil edən gənclərin plenar məruzələri dinlənilib.

Nahar fasiləsindən sonra “ustad dərsi” formatında elmi seminar reallaşıb. “Ustad dərsi”ni alman alim, Martin Lüter Universitetinin professoru İan Lörç keçib.
Konfransın sonrakı günlərində tədbirin mövzusuna uyğun olaraq dörd panel üzrə gənclərin elmi məruzələrinin müzakirəsi nəzərdə tutulub. Beynəlxalq tədbirin proqramında həmçinin Qobustanda yerləşən Daşgil palçıq vulkanı ilə tanışlıq,Qobustan Dövlət Tarixi-Bədii və İçərişəhər Dövlət Tarix-Memarlıq qoruqlarına, Azərbaycan Xalça Muzeyinə ekskursiyalarda nəzərdə tutulb. Belə ənənəvi konfransların təşkilindən əsas məqsəd geologiya və geofizika sahəsində çalışan gənclərimizin elmi fəaliyyətinə dəstək olmaq, onların müasir elmi yanaşma və metodologiyaları mənimsəmək imkanlarını artırmaq və əldə etdikləri elmi yeniliklərin geniş formatlı platformada müzakirəsinə nail olmaqdır.

Bildirək ki, AMEA Geologiya və Geofizika İnstitutu gənc tələbələr, magistrlər, doktorantlar və gənc mütəxəssislər üçün geologiya və geofizikanın müxtəlif prioritetlərinə həsr olunan beynəlxalq elmi konfransları 2005-ci ildən başlayaraq hər iki ildə bir dəfə təşkil edir.











GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru