Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Nov 2018 Diqər xəbərlər Diqər xəbərlər

SABAH AMEA GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN 80 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ


14 noyabr 2018- ci il

Noyabr ayının 15-də Milli Elmlər Akademiyasının əsas binasının dairəvi zalında Geologiya və Geofizika İnstitutunun (GGİ) 80 illik yubiley tədbiri keçiriləcək.

Mərasimdə görkəmli dövlət və elm xadimləri, səfirliklərin, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak edəcəklər.

Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunacaq.

Yubiley tədbirini giriş sözü ilə AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə açaraq Geologiya və Geofizika İnstitutu uzun illər ərzində geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmlənməsinə, neft strategiyasının həyata keçirilməsinə böyük töhfələr verəcəyindən söz açacaq.

Həmçinin fəaliyyət göstərdiyi 80 il ərzində bu müəssisədə üçölçülü modelləşmə əsasında istilik rejiminin təkamülü, neft-qazəmələgəlmə ocaqlarının zaman və məkanda rekonstruksiyası, flüidlərin kollektor xüsusiyyətləri və faza hallarının qiymətləndirilməsi, Azərbaycanın depresion zonalarının pliosen-dördüncü dövr çöküntülərinin geotermal enerji ehtiyatlarının kəmiyyətcə qiymətləndirilməsi və onların istifadəsi üçün ilkin obyektlərin ayrılması kimi mühüm nailiyyətlər əldə olunduğu barədə danışılacaq,Azərbaycan geologiya elminin korifeyləri tərəfindən elmi məktəblər yaradılması diqqətə çatdırılacaq.

Sonra GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov “Elm zirvələrinə aparan 80 illik yol” mövzusunda məruzə ilə çıxış edəcək.
Məruzənin ardınca çıxışlar və yubiley təbrikləri nəzərdə tutulur.

Bildirək ki, 1926-cı ildən fəaliyyət göstərən təşkilat 1938-ci ildə Azərbaycanın görkəmli alimləri - Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın yardımı ilə müstəqil elmi-tədqiqat idarəsinə - Geologiya İnstitutuna çevrilib (Geologiya İnstitutunun təşkil edilməsinin rəsmi tarixi).

2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri institutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradılıb,
2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu adlandırılıb.

Geologiya və Geofizika İnstitutu mövcud olduğu illərdə respublika ərazisinin geoloji quruluşunun öyrənilməsi, Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsi üzrə fundamental və tətbiqi məsələlərin həyata keçirilməsində başlıca rol oynayan elmi-geoloji fikir mərkəzinə çevrilib.

İnstitutun elmi tədqiqatlarının əsas istiqamətləri bunlardır: neft və qazın geologiyası və geokimyası; petrologiya və metallogeniya; regional geologiya; yer fizikası; neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyəsi və praktikası.

İnstituta 1976-cı ildən akademik Akif Əlizadə rəhbərlik edir.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru