Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Jan 2019 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ALİMİ H.Z.TAĞIYEV AİLƏSİ HAQQINDA KİTAB NƏŞR ETDİRİB


 29 yanvar 2019-cu il

Geologiya və Geofizika İnstitutunun (GGİ) aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Səidə Mirizadənin məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi, neft maqnatı Hacı Zeynalabdin Tağıyev ailəsinin bəzi dövrlərinə həsr etdiyi “Keçmişə səyahət” (rus dilində) kitabının təqdimatı keçirilib.

GGİ-də baş tutan təqdimat mərasimini bu müəssisə direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq yeni orijinal nəşrin məziyyətlərindən danışıb. Sonra Səidə Mirizadə kitabın yaranma tarixindən, istifadə etdiyi foto, məktub, xatirələrdən, Tağıyevlə bağlı görüşdüyü insanların təəssüratlarından söz açıb. Hacı Zeynalabdinin nəvəsinin həyat yoldaşı olan müəllif bildirib ki, tarixi sənədləri araşdırarkən Tağıyevlə bağlı sənədlər, onun haqqında Azərbaycan və çar Rusiyası mətbuatında yazılmış rəylər ona qürur hissi yaşadıb. Üstəlik də 3 yaşlı nəvəsi Zeynalabdin bir gün ulu babasının fotosunu göstərərək soruşub ki, bu babanı niyə onun adı ilə adlandırıblar. “Yox, bala, səni onun adı ilə adlandırıblar” cavabından sonra bu tarixi şəxsiyyətin ailə üzvləri ilə bağlı bəzi məqamları əks etdirən kitab hazırlamağa qərar verilib.

Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarov, GGİ-nin əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru Oqtay Babazadə və başqaları çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüblər. Həmçinin iştirakçıların sualları cavablandırılıb. Təqdimat mərasimində belə bir təklif də səsləndirilib ki, Səidə Mirizadənin həyat yoldaşı olmuş H.Z.Tağıyevin nəvəsi, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Neft və Kimya İnstitutunun kafedra müdiri Rəsmi Abdullayev və oğlu Yer elmləri üzrə fəlsəfə doktoru, BP-nin aparıcı mütəxəssisi Nazim Abdullayev haqqında da bir nəşr hazırlansın.

Bildirək ki, “Keçmişə səyahət” kitabının müəllifi əsərin Azərbaycan versiyasını çap etdirmək üçün sponsor axtarışındadır. 

 





 



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru