Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Nov 2019 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-nin ELMİ ŞURASI BOZDAĞ VƏ QARACA ƏRAZİSİNƏ “TƏBİƏT ABİDƏSI” STATUSU VERİLMƏSİNİ MƏQSƏDƏUYĞUN HESAB EDİR


29 noyabr 2019-cu il

Geologiya və Geofizika İnstitutunun (GGİ) növbəti Elmi şurası iclasını giriş sözü ilə açan bu elmi müəssisənin direktoru akademik Akif Əlizadə iştirakçıları gündəliklə tanış edib və “Mingəçevir su anbarının cənub sahilində qazıntı flora və faunanın unikal tapıntı yeri (Bozdağ və Qaraca)” mövzusunda məruzə üçün sözü b.e.n. Tariel Eybatova verib.

T.Eybatov elmi məruzəsində Bozdağ və Qaraca ərazisində bu günə qədər aparılmış tədqiqatların təhlilini, əvvəlki tapıntıların yeniləri ilə müqayisəsini təqdim edib, yığılan kolleksiyanın unikallığının ilk növbədə su anbarında suyun səviyyəsinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar olduğunu göstərib. Alim su səviyyəsinin aşağı düşməsi zamanı süxurların aşınması nəticəsində çoxlu miqdarda fosil faunası ilə zəngin olan yeni təbəqələrin yaranmasının müəyyən etdiyini nəzərə çatdırıb. Müəllif bildirib ki, 5 il ərzində ərazidən 200-dən çox məməli heyvanın dişləri, kranial və postkranial skeletlərin hissələri aşkar edilib. Nümunələrin təhlili zamanı təyin olunmuş heyvan növlərinin çoxunun bu ərazidə və ümumiyyətlə, Azərbaycanda ilk dəfə tapılan canlılara aid olduğu müəyyən olunub. Həmin tapıntılar bunlardır: meşə fili və nəhəng maralın əcdadı, Merki kərgədanının iki növü, bizon, ibtidai öküz, qədim at, qədim maral və sair. Bu ərazidə çoxlu sayda cənub filinin sümükləri, dişləri və ağac bitkilərinin fossilləşmiş gövdələri də aşkar edilib.

Məruzəni dinləyərək AMEA Geologiya və Geofizika İnstitutunun Elmi şurası qərara alıb ki, əldə edilmiş nəticələrin əhəmiyyətini nəzərə alaraq, adı çəkilən ərazinin qorunması üçün ona “Təbiət abidəsi” statusu verilməsi aktual və məqsədyönlüdür.

Sonra Geologiya və Geofizika İnstitutunda 2019-cu ildə əldə edilmiş mühüm elmi nəticələrin müzakirəsi haqqında İnstitutun direktoru akademik Akif Əlizadə məlumat verib.

Elmi şuranın iclasında həmçinin 2019-cu ildə başa çatmış “Filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli metalların membran texnologiyası əsasında çıxarılması üsullarının işlənilməsi (Daşkəsən rayonunun filiz obyektləri timsalında)” ETİ üzrə yekun hesabatın müzakirəsi (2017–2019) g.-m.e.d. Çingiz Qaşqayın, GGİ-də Bakı Dövlət Universitetinin “Seysmologiya və Yer təkinin fizikası” baza kafedrasının fəaliyyəti haqqında akademik Fəxrəddin Qədirovun, Geologiya və Geofizika İnstitutunun redaksiya-nəşriyyat fəaliyyəti haqqında (“ANAS Transactions” jurnalı) yer elmləri üzrə e.d., AMEA-nın professoru Qulam Babayevin məruzəsi dinlənilib.

Elmi şura üzvləri bir sıra müxtəlif məsələləri də müzakirə ediblər. 











GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru