Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də ƏLDƏ EDİLMİŞ MÜHÜM ELMİ NƏTİCƏLƏRİN MÜZAKİRƏSİ KEÇİRİLİB
Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində Ümumrespublika elmi seminarı və Mütəxəssislər şurasının (Kollokvium) birgə iclası reallaşıb. Geologiya və Geofizika İnstitutunun 2025-ci ildə əldə edilmiş mühüm elmi nəticələrinin müzakirəsi tədbirində AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev iştirak edib.
Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə 2025-ci il ərzində alimlərin elmi çalışmaları haqqında qısa məlumat verərək bildirib ki, bügünkü toplantı həmin elmi nəticələrin müzakirəsinə həsr edilib.
Akif Əlizadə sonra sözü AMEA-nın müxbir üzvü Tələt Kəngərliyə verib. Natiq bildirib ki, Qlobal plitələr tektonikası nəzəriyyəsi baxımından Qarabağın və Şərqi Zəngəzurun geoloji quruluşuna və geodinamiki təkamülünə müasir yanaşmanı əks etdirən “Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar” adlı iki cildli monoqrafiya hazırlanmış və nəşr edilib (icraçılar: akademik Akif Əlizadə, AMEA müxbir üzvü Tələt Kəngərli, AMEA müxbir üzvü Dadaş Hüseynov). Monoqrafiya Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində uzun illər aparılmış ətraflı geoloji elmi tədqiqatların, geoloji xəritələmə və geoloji axtarış-kəşfiyyat işlərinin nəticələrini əks etdirən məlumatların müasir plitələr tektonikası nəzəriyyəsi baxımından yenidən işlənməsinin məhsulu olan topludur. Tәqdim edilәn toplu bir sıra alim vә mütәxәssisin qiymәtli elmi әsәrlәrinin, kollektiv monoqrafiyaların, keçmiş Dövlәt Geologiya vә Tәbii Ehtiyatlar Komitәsinin bu günәdәk elmi әdәbiyyatda işıqlandırılmamış vә geoloji xәritәlәmә, geoloji-axtarış vә geoloji-kәşfiyyat işlәrinin nәticәlәrini әks etdirәn istehsalat hesabatlarının, elәcә dә 2024-cü ildә işıq üzü görmüş “Qarabağ vә Şәrqi Zәngәzur. Tәbii ehtiyatlar Atlası”nda yerlәşdirilmiş geoloji tәyinatlı xәritә vә izahlı mәtnlәrin tәfsirinin mәhsulu olmaqla, bölgәnin geoloji durumuna aid müasir elmi mәlumat bazasını әhatә edir. Bununla belә, bütün istiqamәtlәr üzrә aparılan geoloji tәdqiqatların ayrı-ayrılıqda qısa tarixi vә mövcud öyrәnilmә vәziyyәti işıqlandırılıb.
G.-m.e.n. Rauf Kərimov isə təqdimatında Böyuk Qafqazın cənub yamacının iri struktur vahidlərindən biri sayılan Vəndam zonasında aparılan tədqiqatlar nəticəsində Şəki rayonunun Bideyiz və Oğuz rayonunun Calut kəndlərinin ərazisində borun datolit və bakerit minerallaşması ilə təmsil olunan filizləşmə zonalarının perspektivliyi haqqında geniş məlumat verib. O qeyd edib ki, mineraloji-geokimyəvi tədqiqatlar əsasında ilk dəfə olaraq Böyük Qafqazın cənub yamacında üst təbaşir yaşlı metasomatitlərdə borun datolit və bakerit minerallaşması ilə təmsil olunan filizləşmə aşkar olunaraq, bor filizinə yüksək perspektivli sahələr müəyyən olunmuşdur (icraçılar: g.-m.e.n. Rauf Kərimov, g.-m.e.n. Solmaz Vəlizadə, y.e.f.d. Tellər Qədirova, k.e.i. Elnur Musayev).
Alim mühüm nəticə olaraq qeyd edib ki, Böyük Qafqazın cənub yamacının Vəndam tektonik srukturunun ərazisində aparılmış kompleks mineraloji-geokimyəvi tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə olaraq yeni, gizli polimetal filizləşmənin aşkar edilməsi üçün mühüm indikator olan alamozit mineralı (qurğuşunun hipergen silikatı) aşkar edilib (icraçılar: g.-m.e.n. Rauf Kərimov., g.-m.e.n. Solmaz Vəlizadə, y.e.f.d. Tellər Qədirova, mühəndis Cəlal Əsgərov).
Sonra R.Kərimov təqdimatının davamı olaraq qeyd olunan mineralın Azərbaycanın Vəndam zonasında, Oğuz rayonunun Daşağıl sahəsində maqmatik süxurların senoman-turon yaşlı karbonat süxurlarla təmas zonalarında formalaşması, kompleks mineraloji və geokimyəvi tədqiqatlar haqqında geniş məlumat təqdim edib. Həmçinin tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Sonda akademik Akif Əlizadə yekun sözü söyləyərək alimlərin elmi işlərini təqdir edib, yeni tədqiqat işlərində elmi kollektivə yeni uğurlar arzulayıb.