Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Feb 2023 İclaslar İclaslar

GGİ-də ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Türkiyədə baş vermiş zəlzələyə həsr olunmuş Ümumrespublika elmi seminarı keçirilib.


Seminarda Geologiya və Geofizika İnstitutunun,  Neft və Qaz İnstitutunun, Fövqəladə Hallar Nazirliyinin Xəbərdar Edilməsi İşinin Təşkili İdarəsi, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu , Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoloji Kəşfiyyat Agentliyinin və Dövlət Ekoloji Ekspertiza Agentliyinin mütəxəssisləri  iştirak ediblər.                                                           


Tədbiri giriş sözü  ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə Türkiyədə baş vermiş təbii fəlakətdən və onun acı nəticələrindən danışaraq insan itkisinin və dağıntıların miqyasını təəssüflə xatırladıb. Qardaş ölkədə həyatını itirmiş insanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmaqlarını arzulayıb.


Tədbirdə  zəlzələ  nəticəsində  həyatını  itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Neft və Qaz institutunun baş direktoru akademik Fəxrəddin Qədirov “2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr”  mövzusunda təqdimatı reallaşdırıb.


F.Qədirov İran, Ərəbistan, Qafqaz  plitəsinin seysmoloji aktivliyini əks etdirən vizual görüntülər əsasında yeraltı təkanların xarakterini izah edib. Bildirib ki, ölçüsündən asılı olmayaraq bir plitənin hərəkəti digər plitələrin oyanmağına səbəb ola bilir və nəticədə acı zəlzələ hadisəsi baş verir. Sözügedən regionda da təbii fəlakət bu prinsipə uyğun idi. Yeraltı təkanların hərəkəti həm irəli, həm də geri dönməyə meyilli olur. Eləcə  də bu proses bir neçə gün davam edə bilir.


Akademik kosmik geodeziya  tədqiqatları (GPS) və Azərbaycanda aktiv tektonik zonaların proqnozlaşdırılması mövzusuna da toxunaraq diqqətə çatdırıb ki, zəlzələnin öyrənilməsilə bağlı ölkəmizdə 2000-ci ildən başlayaraq böyük şəbəkə yaradılıb. Bu təbii fəlakətin dəqiq proqnozlaşdırılması hələlik mümkün olmasa da, fəlakətin nəticələrinin minimuma endirilməsi tamamilə realdır. Tikinti-inşaat işlərində dəqiq mühəndisi hesablamalar və insanların maarifləndirilməsi sayəsində faciəvı sonluqları xeyli azaltmaq olar.


Təqdimat ətrafında çıxışlar zamanı Geologiya və Geofizika İnstitutu “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayev fevral ayının 6-da Türkiyədə baş vermiş zəlzələ haqqında maraqlı elmi mülahizələrini bölüşüb. Alim bildirib ki, dünyaya səs salan  son zəlzələ hadisəsi bir daha göstərdi ki, insanlar həyatını zəlzələnin özünə görə yox, onun törətdiyi dağıntıya görə itirirlər. Yəni zəlzələ faktorunu nəzərə alıb dəqiq hesablamalar aparılmadan inşa edilən tikintilərin dağılmasına görə faciə baş verir. Nə qədər ki zaman, yer və güc  baxımından zəlzələni proqnozlaşdırmaq mümkün deyl, yaşayış zonalarının seysmik risklər xəritəsini yaratmaq zəruridir. Bu işdə hətta sutkanın gecə və gündüz zamanı da nəzərə alınmalıdır. Çünki sutkanın gündüz vaxtından fərqli olaraq gecə saatlarında insan sıxlığı daha çoxdur.


Təqdimat ətrafında çıxışlardan sonra çoxsaylı suallar cavablandırılıb.   Tədbirdə yekun sözü söyləyən akademik Akif Əlizadə bildirib  ki, Azərbaycanda çoxşaxəli seysmoloji tədqiqatların kompleks şəkildə (digər təşkilatları cəlb etməklə) aparılması üçün Dövlət proqramı hazırlamaq istiqamətində çalışmaq və bu vahid normativ sənəd əsasında hərəkət etmək zəlzələ risklərinə qarşı bu gün ən real tədbir ola bilər.


Ümumrespublika elmi seminarından sonra  Respublika televiziya və xəbər agentliklərinin  təmsilçiləri  akademik Akif Əlizadədən, akademik Fəxrəddin Qədirovdan və y.e.e. d. Qulam Babayevdən müsahibə alıblar.

 

 

GGİ-də ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
GGİ-də ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
GGİ-də ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
GGİ-də ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
GGİ-də ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
next
next