
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
BİR SUAL
Geoloji materialların texniki emalı şöbəsində aparılan işlər hansı xarakterik xüsusiyyətlərilə seçilir?
İnstitutun şöbə rəhbəri g.m.e. n. Nağı Nağıyev sualı belə cavablandırır:
- GGİ-nin əməkdaşları Respublika ərazisində olan faydalı qazıntı yataqlarının tədqiqatı ilə məşğul olurlar. Hər il yay aylarında çöl ekspedisiyası təşkil olunur və əməkdaşlar geoloji materiallar toplamaq məqsədilə rayonlarda ezamiyyətdə olurlar. Təşkil edilmiş ekspedisiyalar, adətən, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala rayonlarında aparılır. Bu ildən isə həmin işlərin icrası işğaldan azad olunmuş rayonlarda gerçəkləşəcək. Real məkan Vejnəli qızıl yatağı, Kəlbəcər qızıl və civə yataqları, Laçın opal, civə və sürmə yataqları olacaq. Bütün hallarda ekspedisiya zamanı toplanmış geoloji materiallar məqsədyönlü şəkildə çeşidlənir və müvafiq laboratoriyalara göndərilir.
Geoloji materialların texniki emalı şöbəsinə təqdim olunan müxtəlif süxur və mineral nümunələri sifarişçilərin iş tələblərinə uyğun olaraq emal edilir. Bu proses geoloji tədqiqatların dəqiq və etibarlı nəticələr verməsi üçün böyük əhəmiyyət daşıyır. Şöbənin əməkdaşları süxur və filiz nümunələrini emal edərək onların analiz üçün hazır vəziyyətə gətirilməsini təmin edirlər.
İlk mərhələdə süxurlar daşkəsən aparatda döyülür, əzilir və narın hala salınır. Bu prosesdən əsas məqsəd süxurların tərkibini daha yaxşı öyrənmək üçün onların kiçik hissəciklərə parçalanmasını təmin etməkdir. Döyülmüş materialın bir hissəsi süni şlix formasında olur və daha sonra müxtəlif ölçülü ələklərdə ələnərək fraksiyalara ayrılır. Fraksiyalara ayırma prosesi süxurların hissəcik ölçülərinə görə düzgün təsnif edilməsini və tədqiqat üçün uyğun fraksiyaların seçilməsini təmin edir.
Süxurların petroqrafik tədqiqatları üçün şlif (incə dilim) hazırlanır. Şliflər geoloji tədqiqatlarda vacib rola malikdir, çünki onlar vasitəsilə süxurların mineral tərkibi və strukturu mikroskop altında təhlil edilə bilər. Əzilmiş süxurlar isə ağır və yüngül fraksiyalara ayrılaraq mineral və filiz komponentlərinin müəyyən edilməsi üçün hazırlanır. Faydalı qazıntı yataqlarından götürülmüş nümunələrdən anşlif hazırlanır. Anşliflər mikroskopik analizlər üçün vacibdir və onların köməyi ilə filizlərin mineroloji tərkibi detallı şəkildə öyrənilir. Bu üsul tədqiqatçılara süxurların tərkibində olan faydalı və qeyri-faydalı mineralları ayırd etməyə, onların miqdarını və nisbətini təyin etməyə imkan yaradır.
Geoloji materialların texniki emalı şöbəsinin əməkdaşları yalnız süxurlar üzərində deyil, həm də filiz nümunələri üzərində geniş emal işləri aparırlar. Filizlər əvvəlcə döyülüb xırdalanır, sonra isə saflaşdırılaraq tədqiqatçılara təhvil verilir. Filizlərin struktur və teksturasını təyin etmək məqsədilə onlardan 10×10 sm ölçüyə qədər stuflar hazırlanır. Bu nümunələr müxtəlif tədqiqat məqsədləri üçün istifadə olunur və onların üzərində struktur və mineraloji analizlər aparılır.
Görülən işlər rəsmi şəkildə qeydiyyata alınır və sifarişçiyə təhvil verilir. Sifarişçilər bu nümunələrdən və emal olunmuş materiallardan elmi tədqiqatlar, laboratoriya analizləri və geoloji xəritələndirmə işlərində istifadə edirlər. Onlar həmçinin, əldə etdikləri nəticələri elmi məqalələr və hesabatlar şəklində çap etməklə geologiya elminin inkişafına töhfə vermiş olurlar.