Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Dec 2024 İclaslar İclaslar

GGİ-də ELMİ ŞURALARIN BİRGƏ İCLASI KEÇİRİLİB


ETN Geologiya və Geofizika İnstitutu, Təbiət Tarixi Muzeyi və AMEA Yer Elmləri Bölməsinin Elmi şuralarının birgə iclası keçirilib.


İclası aparan Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə giriş sözü söyləyib və Qazaxıstan ərazisində qəzaya uğramış AZAL-a məxsus təyyarə sərnişinlərinin faciəli ölümü ilə bağlı bir dəqiqəlik sükut elan edib. Həyatını itirmiş insanların xatirəsi ehtiramla yad edildikdən sonra Geologiya və Geofizika İnstitutunun və Təbiət Tarixi Muzeyinin 2024-cü ildəki fəaliyyətiləri haqqında hesabat dinlənilib.


Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov başa çatmaqda olan il əzində kollektivin elmi nəticələri ilə bağlı müfəssəl məlumat verib. Bildirilib ki, Attestasiya Komissiyasının 001 nömrəli akkreditasiya şəhadətnaməsinin İnstitut kollektivinə təqdim edilməsi elmi işlərin nəticəsinə verilən yüksək qiymət kimi qəbul edilir.


D.Hüseynov sonra bu mülahizəni konkret misallarla iştirakçılara çatdırıb. Bildirib ki, 2024-cü ildə “ANAS Transactions Earth Sciences” beynəlxalq elmi jurnalının bir sayı bütövlükdə  GGİ-yə həsr olunub və burada İnstitutun direktoru A.Əlizadənin 5 yeni kitabı barədə geniş məlumat yer alıb. Həmçinin COP29 və AMEA-80-i işıqlandıran materiallar əksini tapıb.


Məruzəçi il ərzində Dövlət Proqramların icrasını, ETİ çərçivəsində görülən işləri, həmçinin fundamental elmi işlərin reallaşdırıldığını, 3 mühüm elmi nəticəni diqqətə çatdırıb. Eləcə də Beynəlxalq elmi əlaqələr və laboratoriyalar, memorandum və bağlanmış digər müqavilələr (həm də təsərrüfat müqavilləri) barədə danışıb, tədbir ştirakçılarını reallaşmış çöl və xəritəçəkmə işləri ilə tanış edib.


D.Hüseynovun İnstitutda elmlə təhsilin inteqrasiyası, doktorantura və dissertantura, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, 2024-cü il boyu gənclər üçün akademik Akif Əlizadənin təşəbbüsü və iştirakı ilə baş tutmuş lektoriyaları keçiriliməsi, GGİ-də İzotop-geokimya tədqiqatları laboratoriyasının tam fəaliyyət ərəfəsində olduğu haqqında  məlumatları maraqla qarşılanıb.


Məruzəçi kollektivin uğurlarının və çalışmaların İnstitutdaxili məlumat vasitələrində, eyni zamanda ölkə KİV-də  GGİ İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən operativ işıqlandırılması faktını məmnunluqla ifadə edib.


D.Hüseynovun hesabat xarakterli geniş məruzəsi maraqla dinlənilib, bu ətrafda çıxışlar olub və çoxsaylı suallara aydınlıq gətirilib.


Daha sonra  Təbiət Tarixi Muzeyinin direktoru biologiya elmləri üzrə fəlsəfə doktoru Tariel  Eybatovun hesabat məruzəsi dinlənilib.


Məruzəçi Muzey əməkdaşlarının 2024-cü ildə elmi istiqamət üzrə aparılan tədqiqat və arxeoloji işlərdən danışıb, məruzəsini konkret faktlarla diqqətə çatdırıb. Məruzəsinə arxegeologiya və arxeozoologiya istiqamətindən başlayan T.Eybatov   Polutəpə (Cəlilabad – keramik neolit), abidəsində arxeoloji materialların (sümüklərin) növ və say təyinatı tamamlanıb. Cari ilin iyul ayında “ Qazax -Paleolot arxeoloji ekspedisiya”sının tərkibində Qazax və Ağstafa rayonlarında arxeoloji kəşfiyyat işləri aparılıb. Ceyrançöldə gedən tədqiqatlar zamanı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində, Candar gölündən 950 metr cənubda, dəniz səviyyəsindən 320 metr yüksəklikdə Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub. Orta Paleolit dövrünə aid daş məmulatlarının aşkar olunduğu ərazi şərti olaraq “Candar göl Paleolit tapıntı yeri” kimi qeydə alınıb.Tapıntıların arasında daha çox diqqəri cəlb edən levallua nukleusların və levallua qəlpələrinin mövcudluğu tapıntı yerini orta Paleolitin kifayət qədər inkişaf etmiş mərhələsinə aid etməyə imkan verir. Kəşfiyyat işləri zamanı 124 nümunə götürülüb. İki yaxın 1.5 hektarlıq  ərazidə minlərlə belə nümunə aşkar edilib.


T.Eybatov sonra Xəzər suitilərinin ekologiyasi ilə bağlı məlumatları təqdim edib. Bidirib ki, Xəzərin Dağıstan sahillərinin bəzi yerlərində tez-tez rast gəlinən suiti cəsədləri magerasiya olunub, daxili orqanları çıxarılıb. Təəssüf ki, son illər istər Dağıstanda, istərsə də Azərbaycanda Xəzər dənizinin qərb sahilində suiti cəsədləri sayının uçotu kəskin şəkildə mürəkkəbləşib. Bu onunla əlaqədardır ki, təchiz olunmuş pullu çimərliklərin artması səbəbindən yayda sahilə  atılan tullantıların böyük hissəsi basdırılır. Dağıstanda kütləvi tələf zamanı suiti leşləri basdırılır, lakin tufan zamanı bu cansız heyvanlar Azərbaycan sahillərinə yan alaraq Abşeron yarımadasının şimal hissəsinə çatır. Xəzər dənizində suyun səviyyəsinin kəskin aşağı düşməsi ilə bağlı Abşeron yarımadasının cənub sahillərində balıqların kütləvi tələfatı, yosunların intensiv çoxalması və suyun çirklənməsi əhalini narahat edir. Sahildən 300-400 metrədək bütün məsafə yosunlarla örtülüb. Sahil zonasında yosunların miqdarı da əhəmiyyətli dərəcədə artıb, lakin cənub sahillərindəki qədər deyil. Bununla belə, suyun səviyyəsinin kəskin azalması səbəbindən yeni suiti yuvalarının əmələ gələ biləcəyi yeni adalar meydana çıxır.


Məruzəçi vurğulayıb ki, hazırda Abşeron yarımadasında suiti fermasının və onların qorunması mərkəzinin yaradılması nəzərdə tututlur. Mərkəzdə həm də mühazirə zalı təşkil olunacaq, gənclər, balıqçılar və sahilyanı rayonların əhalisi arasında maarifləndirmə işləri aparılacaq. Noyabr ayının 19-da isə COP-29 seminarında Xəzər dənizinin ekologiyası ilə bağlı mühazirə reallaşdırılıb.


Məruzənin sonunda T.Eybatov vurğulayıb ki, Təbiət Tarixi Muzeyi əməkdaşlarının daha səmərəli fəaliyyətnin təşkili məqsədilə onlar üçün  geniş ərazidə yerləşən ikimərtəbəli bina ayrılıb. Muzeyi buraya köçürmək üçün hazırda təşkilati işlər aparılır. Məruzə ilə bağlı T.Heybətova ünvanlanmış suallar cavablandırıldıqdan sonra ümumi hesabat barədə çıxışlar dinlənilib.

Sonda Geologiya və Geofizika İnstitutunun elmi və elmi-təşkilati fəaliyyəti iştirakçılar tərəfindən müsbət qiymətləndirilərək qəbul edilib.

 

 

 

   

 

 

 

 

GGİ-də ELMİ ŞURALARIN BİRGƏ İCLASI KEÇİRİLİB
GGİ-də ELMİ ŞURALARIN BİRGƏ İCLASI KEÇİRİLİB
GGİ-də ELMİ ŞURALARIN BİRGƏ İCLASI KEÇİRİLİB
GGİ-də ELMİ ŞURALARIN BİRGƏ İCLASI KEÇİRİLİB
GGİ-də ELMİ ŞURALARIN BİRGƏ İCLASI KEÇİRİLİB
GGİ-də ELMİ ŞURALARIN BİRGƏ İCLASI KEÇİRİLİB
GGİ-də ELMİ ŞURALARIN BİRGƏ İCLASI KEÇİRİLİB
GGİ-də ELMİ ŞURALARIN BİRGƏ İCLASI KEÇİRİLİB
GGİ-də ELMİ ŞURALARIN BİRGƏ İCLASI KEÇİRİLİB
next
next