Ana Səhifə / Xəbərlər

Xəbərlər

17 Jan 2020 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ELMİ ŞURASININ AKADEMIK XOŞBƏXT YUSİFZADƏNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ İCLASI KEÇİRİLİB


  17 yanvar 2020-ci il

Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti İbrahim Quliyev, Yer Elmləri Bölməsinin sədr müavini akademik Fəxrəddin Qədirov, müvafiq təşkilatların nümayəndələri və GGİ kollektivi iştirak edib.

İclası giriş sözü ilə açan GGİ-nin direktoru akademik Akif Əlizadə rəhbərlik etdiyi institutun kollektivi və öz adından Xoşbəxt Yusifzadəni yubileyi münasibətilə təbrik edib və xoş arzularını bildirib. A.Əlizadə yubilyarın həyat yolundan məlumat verərək, onun Azərbaycan neft sənayesinə verdiyi töhfələri, alim, ictimai xadim, hami-tərbiyəçi, pedaqoq kimi çoxşaxəli fəaliyyətindən danışıb. Bildirib ki, akademik Xoşbəxt Yusifzadə hələ “Əsrin müqaviləsi” bağlanmazdan əvvəl Azərbaycanda neft ehtiyatının real miqdarını doğru söyləyib, xarici sərmayəçilərin diqqətini cəlb edə bilib. Həmçinin 20-dən çox neft və qaz yatağının kəşfində və istismara verilməsində fəal iştirak edib.

Müstəqil Azərbaycanın inkişaf sıçrayışının reallaşmasını təmin edənlərdən olduğu üçün onun əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib.

Sonra yubilyarın həyatı və elmi-istehsalat fəaliyyəti haqqında GGİ-nin şöbə rəhbəri g.-m.e.d., professor Adil Əliyevin məruzəsi, həmçinin GGİ əməkdaşlarının təbrik çıxışları dinlənilib.

Daha sonra ölkənin baş geoloqu akademik Xoşbəxt Yusifzadə çıxış edərək həyat və fəaliyyətinin maraqlı, eyni zamanda məsul anlarından danışıb, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ona göstərdiyi dəstəyi, göstərdikləri ehtiramı və qayğını dilə gətirib.

Sonda akademik Akif Əlizadə yubilyarı bir daha təbrik edərək işlərində uğurlar diləyib.

Qısa fasilədən sonra işini davam edən Elmi şurada akademik Akif Əlizadə 2020-2025-ci illər üçün prioritet istiqamətlər üzrə elmi-tədqiqat işlərinin proqramlarının müzakirəsini elan edib.

“Xəzər dənizi səviyyəsinin dəyişilməsinin iqlim – seysmogeodinamik inteqre modeli” mövzusunda akademik Fəxrəddin Qədirovun, “Şərqi Qafqaz və Xəzər çökəkliyi hüdudlarında struktur-maddi komplekslərin qarşılıqlı münasibətləri, dərinlik və qırılma tektonikası modellərinin işlənib hazırlanması” mövzusunda AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin təqdimatı dinlənilib. Mövzu ilə bağlı çoxsaylı suallar cavablandırılandan və çıxışlardan sonra Elmi şura təklif olunan mövzuları təsdiq edb.

Elmi şuranın sonunda müxtəlif məsələlərə baxılıb.















GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru