Ana Səhifə / Xəbərlər

Xəbərlər

31 Jan 2020 Diqər xəbərlər Diqər xəbərlər

VULKAN PALÇIĞINDAN GÜBRƏ ALINMASI İLƏ BAĞLI GGİ ALİMLƏRİNİN ELMİ İXTİRASI PATENTLƏŞDİRİLİB


 31 yanvar 2020-ci il

Azərbaycanda 350-dən çox palçıq vulkanı vardır. Onlar müxtəlif dərinliklərdən yer səthinə böyük həcmdə palçıq xaric edirlər. Vulkan palçığının mülaicəvi, həmçinin tikinti və s. sahələrdə istifadəsinin mümkünlüyü artıq məlumdur. Lakin Azərbaycan alimləri ilk dəfə vulkan palçığı xammalı əsasında kompleks gübrə alıblar.

AMEA Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun, “Palçıq vulkanizmi” şöbəsinin rəhbəri professor Adil Əliyevin, “Geoekologiya” şöbəsinin baş elmi işçisi professor Mirəli Alosmanovun, “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun, eləcə də AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarının birgə ərsəyə gətirdiyi elmi ixtira Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.

Həmmüəlliflər üzvi-mineral kompleksin hazırlanması texnologiyası üçün vulkan palçığı ilə bərabər, istehsalat tullantılarından da istifadə ediblər. Hazırlanmış gübrənin müxtəlif torpaqlarla əlaqəli variantlarının tətbiqi onların bitkilərin inkişafına müsbət təsirini təsdiqləyib.

Hazırda elmi ixtiranın nəticələrinin tətbiqi, o cümlədən alınmış üzvi-mineral kompleksin kənd təsərrüfatı sahələrində geniş istifadəsilə bağlı çalışmalar davam etdirilir.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru