
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
04 Feb 2020
Diqər xəbərlər
GGİ-də ZƏLZƏLƏ MÖVZUSUNDA EKSPRESS-MÜZAKİRƏ APARILIB
4 fevral 2020-ci il
Geologiya və Geofizika İnstitutunda (GGİ) bu ilin yanvar ayında Türkiyədə baş vermiş zəlzələlərin ekspress müzakirəsi keçirilib. Azərbaycanın əlaqədar təşkilatlarının, AMEA institutlarının, paytaxtın ali məktəb nümayəndələrinin, mütəxəssislərin və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri müəssisənin direktoru akademik Akif Əlizadə giriş sözü ilə açaraq zəlzələ mövzusunun mütəxəssislər tərəfindən müzakirəsinin əhəmiyyətini vurğulayıb. Akademik 2020-ci il yanvarın 24-də Elazığ şəhərində dağıntılar və böyük insan itkisi ilə müşayiət olunan 6,8 bal gücündə zəlzələnin baş verdiyini söyləyib. O, təbii fəlakətin səbəblərinin mütəxəssislər tərəfindən müzakirə edilməsinin və bu istiqamətdə tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.
Sonra AMEA-nın həqiqi üzvü akademik Fəxrəddin Qədirov Elazığ zəlzələsinin tektonik və geodinamik analizini təqdim edib. Bildirib ki, 1998-ci ildən etibarən Azərbaycanın da daxil olduğu 26 dövlətin alimlərinin iştirakı ilə Aralıq dənizi ölkələrinin seysmik aktivliyi GPS məlumatları əsasında müşahidə edilir.
Türkiyənin zəlzələ xəritəsini nümayiş etdirən F.Qədirov Elazığdakı təbii fəlakətin Malatya və digər yaxın şəhərlərdə güclü hiss olunduğunu bildirib. Alim aktiv, inkişafda olan qırılmaların bu gün də qeydə alındığını və hazırda sözügedən ərazilərdə mütəmadi yeraltı təkanların baş verdiyini söyləyib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdimatla çıxış edərək Elazığ və ətraf şəhərlərin Şərqi Anadolu qırılması üzərində yerləşdiyini, bu bölgədə dəfələrlə maqnitudası 5-dən yuxarı zəlzələlərin olduğunu bildirib.
Ötən ay seysmik aktivliyin yüksək olduğunu deyən alim həmin dövrdə dünya miqyasında 5 baldan güclü 165 yeraltı təkanın baş verdiyini diqqətə çatdırıb. Q.Yetirmişli yanvar ayında Azərbaycanda 3 baldan aşağı 550-dən çox zəlzələnin müşahidə edildiyini, maqnitudası 3-dən yuxarı olan isə 4 seysmik təkanının qeydə alındığını bildirib. O, tikinti və şəhərsalma zamanı seysmik ballıq qiymətləndirilmənin aparılmasının zəruriliyini vurğulayıb.
Sonra F.Qədirov və Q.Yetirmişli iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. Mütəxəssislər qeyd ediblər ki, tikiləcək hər bir binanın torpaq ərazinin dəqiq seymoloji analizi təəssüf ki, çox zaman aparılmır və yalnız tikinti materiallarının keyfiyyətli olmasına üstünlük verilir. Unudulur ki, binalar bir-birinə yaxın ucaldılanda belə hər bir tikilinin yer aldığı torpağın fərdi seysmoloji analizi mütləq aparılmalıdır.
Tədbirdə həmçinin zəlzələlərlə bağlı əhalinin maarifləndirilməsinin vacibliyi vurğulanıb.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru