Ana Səhifə / Xəbərlər

Xəbərlər

10 Feb 2020 Diqər xəbərlər Diqər xəbərlər

GGİ MÜTƏXƏSSİSLƏRİ YENİ TƏDQİQATLARA BAŞLAYIRLAR


10 fevral 2020-ci il

Gelogiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının son iclasında 2020-ci il və sonrakı dövr üçün elmi-tədqiqat işləri (ETİ) proqramları müzakirə edilib və təsdiqlənib.

Qəbul edilmiş 4 maraqlı, eyni zamanda məsul ETİ-dən biri də “Qafqaz, onunla yanaşı Qara dənizin və Xəzər dənizinin akvatoriyalarının təbii flüid təzahürlərinin geoinformasiya sistemidir".

ETİ-nin icra müddəti 3 il (2020-2022) müəyyənləşdirilib. Elmi rəhbərlər GGİ alimləri akademik Əkbər Feyzullayev və AMEA-nın müxbir üzvü Dadaş Hüseynovdur.

Elmi-tədqiqat işinin icrasına GGİ-nin “Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası", “Hövzə modelləşdirilməsi və geotexnologiyalar", “Palçıq vulkanizmi", “Geoekologiya və hidrogeologiya" və “Geoloji mühitin radiometriyası" şöbəsinin mütəxəssisləri cəlb olunublar.

ETİ-nin elmi rəhbərləri olan Əkbər Feyzullayev və Dadaş Hüseynov işi əsaslandırarkən deyiblər: “Qara dəniz-Xəzər regionu dünyanın ən qədim neft-qaz hasil edən regionlarına aiddir. Burada yüzlərlə faydalı qazıntı yatağı kəşf edilərək istismara verilib və karbohidrogenlərin, filiz və qeyri-filiz yeni yığımlarının kifayət qədər fəal axtarışı aparılır. Bu region təbii flüidlərin səthi makro və mikro təzahürlərinin geniş yayılması ilə xarakterizə olunur (mineral və termal bulaqlar, palçıq vulkanları, əvvəllər aktiv olmuş maqmatik vulkanlar, quru qaz axını). Flüidlərin sıxışdırılmasının müxtəlif elementlərinə (palçıq vulkanları, ləkələr, səmt qazı boruları və s.) Yerdə ən yüksək seysmik potensiala malik plitələrin sərhədləri üzərində tez-tez rast gəlinir."

Regionun ayrı-ayrı geoloji obyektlərinin tədqiqi nəticələrinin pərakəndə nəşrlərinə əsasən flüid təzahürlərinin izotop-geokimyəvi tərkibinin mühüm məkan-zaman dəyişkənliyi qeyd olunur. Lakin indiyə qədər Qara dəniz-Qafqaz-Xəzər regionunun bütün lokal flüid təzahürləri haqqında olan məlumatların toplanıb sistemləşdirilməsi və GİS məlumatlarının istifadəsilə onların xəritələməsınin aparılmasını əks etdirən fundamental bir iş hazırlanmayıb. Hərçənd ki, bu onların izotop-geokimyəvi tərkibinin, fiziki-dinamiki parametrlərin zaman və məkanda regional dəyişikliklərinin geodinamik əsasının xarakterinin gələcək təhlili məqsədilə zəruridir. Qara dəniz-Xəzər regionu fluid dinamikasına geodinamik nöqteyi-nəzərdən yeni baxış həm bərk (filiz və qeyri-filiz) və həm də neft-qaz faydalı qazıntı axtarışlarında əlavə meyarlar aşkar etməyə imkan verir.

Deyilənlərə əsaslanaraq söyləmək olar ki, təklif olunan mövzu aktualdır.Məqsədimiz Qara dəniz-Xəzər regionunun lokal flüid təzahürlərinin geoinformasiya texnologiyalarının tətbiqi ilə sistemləşdirilməsi və xəritələməsi və flüid aktivliyinin geodinamika əsasında zaman-məkan qanunauyğunluqlarının təhlili”.

2020-2022-ci illəri əhatə edəcək ETİ 3 mərhələdə aparılacaq: birinci mərhələ - Cənub-Şərqi Qafqazın və Xəzər dənizinin ona bitişik akvatoriyasının flüid təzahürlərinin GİS-layihəsinin yaradılması(01.02.2020 – 31.12.2020); ikinci mərhələ – Şimali Qafqazın flüid təzahürlərinin GİS-layihəsinin hazırlanması (01.01.2021 – 31.12.2021) və üçüncü mərhələ – Qərbi Qafqaz və Qara dənizin ona bitişik akvatoriyasının flüid təzahürlərinin GİS-layihəsinin yaradılması (01.01.2022 – 31.12.2022). Sonra da nəticələrin ümümiləşdirilməsi və yekun hesabatın hazırlanması.

Təbii ki, ETİ-nin uğurla reallaşması üçün çöl işləri və ezamiyyətlər tələb olunacaq. Buna görə də 2 çöl mövsümü müddətində hər dəfə 9 nəfərin iştirakı ilə iki aylıq çöl ekspedisiya işlərinin aparılması nəzərdə tutulur.

ETİ-nin iştirakçılarının Rusiya Federasiyası, Gürcüstan və Ukrayna geoloji təşkilatlarının fondlarına ezam olunması da planlaşdırılır.

Ümid olunur ki, gözlənilən nəticələr ürəkaçan olacaq: Qafqazın və Qara dənizin və Xəzər dənizinin onlara bitişik akvatoriyalarının təbii flüid təzahürlərinin inteqrasiya olunmuş GİS-modeli hazırtlanacaq ki, bu da regionun müasir flüid dinamikasının geoloji mühitinin tərkibindəki komponentlərlə səbəb-nəticə əlaqələrinin aşkar edilməsinə imkan yaradacaq.
 
GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru