Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Feb 2020 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCANIN GEOLOJİ BAXIMDAN ÖYRƏNİLMƏSİLƏ BAĞLI YENİ FUNDAMENTAL ƏSƏR NƏŞR EDİLƏCƏK


21 fevral 2020-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi Şurasında “Azərbaycanın geoloji baxımdan öyrənilməsi” elmi tədqiqat işinin (ETİ) həyata keçirilməsi məsələsi müzakirə olunaraq qəbul edilib. ETİ-nin icrası İnstitutun direktoru akademik Akif Əlizadə və g.-m.e.d., professor Adil Əliyevin rəhbərliyi altında yerinə yetiriləcək. Elmi-tədqiqat işini uğurla reallaşdırmaq üçün İnstitutun bütün əlaqədar şöbələrinin mütəxəssisləri
cəlb olunublar.

Bildirək ki, Azərbaycanda geologiya elmi XIX əsrin ortalarından başlayaraq inkişaf etməkdədir. Bu illər ərzində Azərbaycanın geologiyasına həsr olunmuş xeyli tədqiqat işi aparılmış, yeni-yeni neft-qaz, filiz və qeyri-filiz qazıntı yataqları aşkar edilmiş və ətraflı öyrənilmişdir. Bu tədqiqatların nəticələri keçən əsrin ortalarında Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutunda xüsusi komissiya tərəfindən toplanmış və 50 cildli fundamental əsər şəklində nəşr edilmişdir. Əsərin 42-ci cildi Azərbaycana həsr olunmuşdur. Həmin cildə keçən 50 il ərzində (1970-ci ilə kimi) çap olunmuş əsərlərə və əlyazmalara (fond materialları) aid geoloji məlumatlar daxil edilmişdir.

1970-ci ildən indiyədək Azərbaycanda geologiya sahəsində daha böyük həcmdə tədqiqatlar aparılmış və xeyli yeni elmi məlumatlar əldə edilmişdir. Hazırda bu materialların GGİ tərəfindən sistemli formada ümumiləşdirilməsinin zəruriliyini nəzərə alıb 1971-2020-ci illərdə “Azərbaycanın geoloji baxımdan öyrənilməsi” əsərinin yaradılması aktual məsələ kimi qarşıya qoyulmuş və onun icra müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulmuşdur.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru