
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
13 Aug 2020
Diqər xəbərlər
"Elm" NƏŞRİYYATINDA NADİR ŞAH ƏFŞARIN AZƏRBAYCANIN XRİSTİAN ƏHALİSİ İLƏ MÜNASİBƏTLƏRİNƏ DAİR KİTAB NƏŞR OLUNUB
13 avqust 2020-ci il
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının 6 aprel 2020-ci il tarixli 3 nömrəli qərarı ilə “Nadir Şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər (Erməni icmasının timsalında)” kitabı “Elm” nəşriyyatında çap olunub.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevdir. “Nadir şah və imperiyanın erməni icması: tarixi sənədlər uydurmalara və təhriflərə qarşı” sərlövhəli “Ön söz”də akademik Ramiz Mehdiyev Nadir şah Əfşarın və onun yaratdığı nəhəng imperiyanın Azərbaycanın tarixində müstəsna yer tutduğunu tarixi faklarla əsaslandırıb.
Kitabda ilkin mənbələr əsasında Nadir şah Əfşarın hakimiyyəti illərində Azərbaycanda xristian əhalinin vəziyyəti araşdırılıb və bu zaman əsas diqqət tarixşünaslıqda az öyrənilmiş bir problemə - Nadir şahın hakimiyyəti illərində xristian əhalinin imtiyazları və onlara göstərilən himayədarlıq məsələsinə yetirilib. Nadir şahın xristian kilsə və monastırlarının nümayəndələrinə qarşı xeyirxah siyasətinin təqdim olunduğu kitabda bu Əfşar hökmdarının bir çox hökm və fərmanlarında öz ifadəsini tapıb.
Təqdim olunan nəşrdən bəlli olur ki, Nadir şahın öz xristian təbəələrinə qarşı yeritdiyi dözümlü siyasət nəticəsində Üçkilsə yeparxiyasının mülkiyyəti vergilərdən azad edilib, Azərbaycanda xristianlara nəinki kilsələri bərpa etməyə, həm də yenilərini tikməyə icazə verilib. Kitabda əksini tapan tarixi sənədlərdən aydın olur ki, Nadir şah erməni əhalisinin qonşu Osmanlı imperiyasından Şimali Azərbaycan ərazilərinə köçməsinə də himayədarlıq edib.
Nəşrin tərtibçisi və tarixi araşdırmanın müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Gözəlova, tarixi sənədləri fars dilindən tərcümə edən, terminoloji lüğət və izahların müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur.
Layihənin rəhbəri isə AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovdur.
