
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
18 Sep 2020
Diqər xəbərlər
PROFESSOR MUSA MƏMMƏDOVUN 80 İLLİK YUBİLEYİDİR
18 sentyabr 2020-ci il

Musa Nəsib oğlu Məmmədov 1940-cı il sentyabr ayının 20-də Gədəbəy rayonunun Hacılar kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olmuşdur. 1966-cı ildə oranı faydalı qazıntıların kəşfiyyatı ixtisası üzrə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) Petrologiya şöbəsində əvvəlcə baş laborant, 1972-ci ildən 1984-cü ilə kimi kiçik elmi işçi,1984-1990-cı illərdə Mineralogiya laboratoriyasında böyük və aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 1990-cı ildən 2000-ci ilə kimi Mineralogiya və geokimya şöbəsinə rəhbərlik etmişdir.
1978-ci ildən 1984-cü ilə kimi Moskva Dövlət Universitetinin geologiya fakültəsinin petrologiya kafedrasının dissertantı olmuşdur.
M.Məmmədov 1984-cü ildə Moskva Dövlət Universitetində “Talışın qələvi bazalt və qələvi ultra əsası formasiyalarının petroloji xüsusiyyətləri” mövzusunda namizədlik, 1999-cu ildə Gürcustan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda “Kiçik Qafqazın və Talışın üst təbaşir və paleosen yaşlı maqmatik süxurlarının petrologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2008-ci ildə AAK tərəfindən professor elmi adını qazanmışdır.
M.Məmmədov 150-dən çox elmi əsərin, o cümlədən 10 kitabın, 2 kəşfin müəllifi və həmmüəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunmuş, xaricdə və ölkəmizdə keçirilən Beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapmışdır. O, bir elmlər doktorluğu işinin məsləhətçisi olmuş, beş fəlsəfə doktorunun elmi işinə həhbərlik etmişdir.
Onun apardığı elmi-tədqiqat işləri petrologiyanın ən aktual problemlərindən olan ilkin mantiya bünövrəsinin homogenliyi və heterogenliyi, onun ərimə payı, təkamül prosesi kimi mürəkkəb bir problemə həsr olunmuşdur. Bu problemin fonunda alimin bilavasitə rəhbərliyi altında yüksək ixtisaslı petroloq və mineroloqlar hazırlanır.
M.Məmmədov və onun rəhbərlik etdiyi “Mineralogiya və geokimya” sektorunun əməkdaşlarının fəaliyyəti həmçinin süxur və filizəmələgətirən mineralların tipomorf xüsusiyyətləri əsasında Kiçik Qafqazın və Talışın maqmatik komplekslərinin və onlarla əlaqədar olan faydalı qazıntı yataqlarının təkamül proseslərinin, geoloji-geodinamik, fiziki-kimyəvi şəraitlərinin araşdırılması kimi aktual məsələlərin həllinə yönəldilmişdir.
Professor M.Məmmədovun dəfələrlə ümumrespublika yer elmləri sahəsində elmi seminarlarda etdiyi məruzələr Azərbaycan geologiya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş, petrologiya, mineralogiya və geokimya sahəsində əldə etdiyi nailiyyətlər keçmiş SSRİ EA-nın və AMEA-nın akademik-katiblərinin illik məruzələrində «mühüm elmi nəticə» kimi qeyd edilmişdir.
Musa Məmmədov uzun illərdir ki, pedaqoji fəaliyyətlə də məşğuldur. O, 2000-2018-ci illərdə Bakı Dövlət Universitetində Faydalı qazıntılar kafedrasının professoru, 2018-2020-ci illərdə “Ümumi və tarixi geologiya” kafedrasının müdiri olmuşdur.
İstedadlı alim GGİ-də Mineralogiya və geokimya sektorunun rəhbəri, AMEA Geologiya və Geofizika İnstitutunun və Təbii Sərvətlər və Ekologiya Nazirliyinin Geoloji Xidmət İdarəsinin Elmi Şuralarının, həmçinin Türkiyənin «Geological Bulletin of Turkey» məcmuəsinin redaksiya heyətinin üzvüdür.
Musa Məmmədov 2019-cu ildə “III dərəcəli əmək” ordeni, Bakı Dövlət Universitetinin 100 illiyi medalı, çoxlu sayda diplom və fəxri fərmanlarla təltif edilmişdir.
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutunun rəhbərliyi və kollektivi petrologiya, mineralogiya və geokimya sahəsində tanınmış geoloq alim, geologiya-mineralogiya elmləri doktoru, professor M.Məmmədovu 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, geologiya elminin inkişafı yolunda yeni yaradıcılıq uğurları arzulayır.