Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Nov 2020 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOQ VƏ GEOFİZİK TƏLƏBƏLƏR ÜÇÜN ONLAYN FORMATDA TƏŞKİL OLUNMUŞ ÜMUMRESPUBLİKA OLİMPİADASININ FİNAL MƏRHƏLƏSİ KEÇİRİLİB

 
29 noyabr 2020-ci il

Bu il dekabrın 15-də elan edillmiş “Gələcəyə addım” ümumrespublika olimpiadası final mərhələsi ilə işini yekunlaşdırıb.

AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə geologiya və geofizika üzrə təhsil alan tələbələr arasında keçirilən sözügedən müsabiqə AMEA-nın 75 illiyinə həsr olunmuşdur. Olimpiadanın keçirilməsində əsas hədəfləri ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, onları istiqamətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq təşkil etmişdir. Müsabiqənin Elmi-Təşkilat Komitəsi (ETK) pandemiya ilə bağlı olaraq olimpiadanın onlayn formatında keçirilməsinə qərar vermişdir. Beləliklə, AMEA-nın tarixində ilk onlayn bilik müsabiqəsi kimi yadda qalacaq olimpiada "Zoom" platforması üzrə reallaşmışdır.

Akademik Əkpər Feyzullayevin rəhbərliyi altında ərsəyə gələn müsabiqəyə ümumi olaraq 5 təşkilatdan 28 nəfər, o cümlədən 13 bakalavr və 15 magistr müraciət etmişdi. İki mərhələdən ibarət olimpiadanın birinci mərhələsində iştirakçılara təqdim edilən istiqamətlər üzrə müəyyən meyarlara cavab verən esseni Azərbaycan, ingilis və ya rus dilində hazırlamaq tapşırılmışdı. Noyabr ayının 17-sində baş tutan sözügedən mərhələdə, ETK üzvləri esselərin hazırlanması ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirmiş, final mərhələsi üçün namizədlərin müəyyənləşdirilməsi prosesində üstünlük veriləcək meyarlar haqqında geniş məlumat təqdim etmişlər.

Mükafat fondu 2200 AZN olan olimpiadanın final mərhələsi üçün iştirakçıları müəyyənləşdirmək məqsədilə ETK üzvləri gənc geoloq və geofiziklərin təqdim etdikləri esselərlə tanış olmuş, həmçinin bu işlərin təfsilatlını araşdırmışlar.

Final mərhələsində, ETK üzvləri hazırlanan esselərlə bağlı hər bir finalçı ilə fərdi qaydada müsahibə aparmış, eyni zamanda onların bilikləri əyani qiymətləndirilmiş, həmçinin müsabiqənin məqsədlərinə uyğun olaraq gələcək fəaliyyətləri və perspektivlərilə əlaqədar istiqamətləndirici tövsiyələr verilmişdir.

Hazırlanan esseləri və canlı müsahibənin nəticələrini təhlil edən Komitə üzvlərinin yekun qərarına görə, tələbələrin ümumi hazırlıq səviyyələrinin qənaətbəxş olmaması, ədəbiyyat materialları ilə işləmək, məqsədəuyğun təhlillər aparmaq və nəticə çıxarmaq qabiliyyətlərinin nəzərəçarpacaq dərəcədə zəif olması qənaətinə gəlinmişdir.

Təşkilat komitəsinin qərarı ilə olimpiadanın üç iştirakçısı - Dövlət Neft və Sənaye Universitetinin magistri Qalib Muradov, AMEA Neft və Qaz İnstitutunun magistrləri İsmayıl İsmayılov və Zülfüqar Ağayev 150 manat məbləğində həvəsləndirici mükafata tövsiyə olunmuşlar.

Olimpiadanın bütün iştirakçılarına isə sertifikatlar təqdim ediləcəkdir.