
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
04 Mar 2021
Diqər xəbərlər
NEFT-QAZ YATAQLARININ YARANMA MEXANİZMLƏRİNƏ DAİR ARAŞDIRMA APARILIR
04 mart 2021-ci il
Neft və Qaz İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib. İclası şuranın sədri akademik Fəxrəddin Qədirov açaraq gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib. Sonra müəssisənin Neft-qaz geofizikası şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Namaz Yusubovun “Cənubi Xəzər çökəkliyinin çöküntü kompleksinin dərin qatlarının neft-qazlılıq potensialı haqqında (seysmik kəşfiyyat və QGT məlumatları əsasında)” məruzəsi dinlənilib. Məruzəçi mövcud seysmik və dərin qazma məlumatlarının kompleks interpretasiyası əsasında Azərbaycan ərazisinin çöküntü kompleksinin geoloji quruluşu və neft-qaz yataqlarının yaranma mexanizmlərinə dair əldə etdiyi bir sıra yeni nəticələri bölüşüb. Bildirib ki, regional miqyaslı seysmik profillər üzrə ümumi dərinlik nöqtəsi üsulu ilə qeydə alınmış əks olunan seysmik dalğa sahəsinin geoloji dəyərləndirilməsi əsasında Azərbaycanın depressiya zonalarında çöküntü qatının qalınlığı haqqında məlumatlar dəqiqləşdirilib.
Namaz Yusubov diqqətə çatdırıb ki, tədqiqatın nəticələri 9 elmi məqalədə, o cümlədən 3 yerli, 2 Rusiya Elmi İstinad İndeksi, 4 “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda əksini tapıb.
Məruzə ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, Namaz Yusubovun məruzəsi neft-qaz geologiyasının aktual məsələlərindən olan neft-qaz yataqlarının yaranma mexanizminin tədqiqinə töhfə verə bilər. Nəticələrin ilkin qiymətləndirmə səciyyəsi daşıdığı nəzərə alınaraq mövzu üzrə tədqiqatların davam etdirilməsi haqqında qərar verilib.
Daha sonra 2021-ci ildə başa çatdırılması planlaşdırılan “Atmosferə atılan karbon dioksid qazının tutularaq sənayedə istifadəsi texnologiyasının Azərbaycanda tətbiqinin elmi-texniki və iqtisadi əsaslandırılması” və “Cənubi Xəzər meqaçökəkliyinin geodinamik rejiminin və struktur-tektonik xüsusiyyətlərinin neft-qaz yığımlarının formalaşmasında rolu” mövzusunda elmi-tədqiqat işlərinin gedişatı müzakirə edilib. Akademik Fəxrəddin Qədirov sözügedən araşdırmalara dair tapşırıq və tövsiyələrini verib.
İclasda 2021-ci il üçün elmi müəssisənin doktorantura və dissertanturasına qəbul planı, tələbələrin payız sessiyası üzrə attestasiyasının nəticələri haqqında Təhsil şöbəsinin müdiri Arif Hüseynov məlumat verib. Bundan əlavə, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Məlahət Əfəndiyevanın elmlər doktorluğu üzrə dissertasiya mövzusunun qismən dəyişdirilməsi haqqında müzakirələr aparılıb və mövzu təsdiq edilib.