
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
08 May 2021
Diqər xəbərlər
GGİ-də ELMİ ŞURALARIN BİRGƏ İCLASI KEÇİRİLİB
08 may 2021-ci il
Geologiya və Geofizika İnstitutunda (GGİ) bu elmi müəssisənin və AMEA Yer Elmləri Bölməsi Elmi şuralarının akademik Ədhəm Şixəlibəylinin 110 illik yubileyinə həsr edilmiş birgə iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə iştirakçıları gündəliklə tanış etdikdən sonra həyatla bu yaxınlarda vidalaşmış GGİ “Tektonofizika və geomexanika” şöbəsinin rəhbəri, Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik Hətəm Quliyevin səmərəli fəaliyyətindən, elmə verdiyi töhfələrdən danışıb. Alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra akademik Akif Əlizadə 1954-cü ildən indiki GGİ-də işləməyə başlamış Ədhəm Şıxəlibəyli haqqında ətraflı məlumat verərək tanınmış alimin peşəkarlıq fəaliyyətini faktlarla diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin “Akademik Ədhəm Şıxəlibəyli və Azərbaycanda geotektonika və regional geologiya elminin müasir problemləri” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycan EA Yer haqqında Elm Bölməsinin akademik-katibinin müavini olmuş Ə.Şixəlibəyov uzun illər GGİ-nin geotektonika, stratiqrafiya və litologiya şöbəsinə başçılıq etmişdir.
Şərqi Qafqazın qırışıqlıq sisteminin əmələ gəlməsinin mərhələlərini müəyyən etmiş, onların struktur zonalara bölmüş və onların yaranmasında şimali-qərbi kembridənqabaq və şimal-şərqi rifey yarıqlarının rolunun elmi əsaslarını vermişdir. O, şimal-şərq istiqamətdə uzanan Qərbi Xəzər gömülmüş qalxımını aşkar etmiş və bu qalxımın Qafqaz qırışıqlıq sisteminin müsbət strukturlarının Xəzər dənizinə yaxınlaşdıqca birləşmələrinə səbəb olmasını əsaslandırmışdır. İlk dəfə olaraq Balakən-Zaqatala regionunda polimetallik filiz yataqlarının aşkar edilməsi perspektivliyini sübut etmişdir.
Azərbaycanın Əməkdar elm xadimi, professor Ə.Şıxəlibəyli 250-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifi və Azərbaycanın geoloji, tektonik, paleotektonik, geomorfoloji, neotektonik və metallogenik xəritələrinin, Qafqazın və Avropanın tektonik xəritələrinin həmmüəllifidir.
Elmi şura iclasının iştirakçıları məruzə ətrafında çıxışlarında görkəmli alimin elmi, pedaqoji fəaliyyətı, insani məziyyətləri haqqında geniş xatirələr səsləndiriblər.
İclasda iştirak edən Ə.Şixəlibəylinin qızı Zenfira Şixəlibəyli çıxış edərək atasının 110 illik yubileyinin layiqincə təşkilinə görə ailəsi adından minnətdarlığını bildirib. Tədbirdə həmçinin аkademik Ədhəm Şıxəlibəylinin xatirəsinə həsr edilmiş film nümayiş etdirilib.
Akademik Akif Əlizadə iclasın gündəliyinə uyğun olaraq elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinin ilkin müzakirəsi üzrə Mütəxəssislər şurasının (Kollokvium) yaradılması ilə bağlı məlumat verib.
Akademik Fəxrəddin Qədirov Geologiya və Geofizika İnstitutunun Massaçusets Texnologiyalar İnstitutu ilə birgə aparılan elmi-tədqiqat işləri haqqında danışıb.
ETİ proqramının müzakirəsi məsələsi üzrə f.-r.e.d. Qalina Martınova “Dünya müalicəvi neftlərin geokimyası” (2021–2024) mövzusu çərçivəsində yerinə yetirilən “Azərbaycanın müalicəvi neftlərinin (Naftalan) biomarkerləri və adamantoidləri” (2021–2022) elmi-tədqiqat işi haqqında məruzə edib.
Elmi şura iclasında “Azərbaycanın geoloji öyrənilməsi (1970-2020)” ETİ-nin yerinə yetirilməsinin gedişatı haqqında akademik Akif Əlizadə, g.-m.e.d., professor Adil Əliyev və g.-m.e.n. Şahvələd Köçərlinin təqdimatı da reallaşıb.
Geologiya və Geofizika İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişikliklər haqqında, İnstitutun doktoranturasına və dissertanturasına qəbulun yekunları məsələləri dinlənilib, Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinin elmi seminarlarda müzakirə protokolları təsdiqlənib.



