Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Apr 2025 Diqər xəbərlər Diqər xəbərlər

BİR SUAL

“Geologiya sahəsində süni intellektin rolu haqqınada nə demək olar?” 


Sualını texnika üzrə elmlər doktoru, Əməkdar mühəndis, professor  Fuad Hacızadə cavablandırır.

 

- Son 50 ildə geologiya elminin inkişaf prosesi xeyli sürətlənmişdir. Kosmik texnika və texnologiya, rəqəmsal üsul və metodlar  elmin və iqtisadiyyatın bütün sahələrinə sürətlə nüfuz etmiş və bununla həmin elmlərin və iqtisadiyyatın dayanmadan davamlı, hərtərəfli tərəqqisinə təkan verərək, geniş imkanlar açmışdır. Bununla yanaşı, dünyada yeni tendensiyalardan biri də Süni İntelekt – Sİ (ingilis dilində - Artifcal İntelligence -Aİ) prosesidir. Son zamanlar süni intellekt bir çox sahələrdə geniş istifadə olunur. Bu tətbiqlər faydalı, məhsuldar və səmərəliliyini  artıq təsdiq etmişdir.

Sİ Yer planetinin quruluşunu, tərkibini və təkamülünü öyrənən Geologiya elmində tədqiqat proseslərini sürətləndirməyə və nəticələrin dəqiqliyini artırmağa imkan verən, eyni zamanda qarşıda duran məsələləri avtomatlaşdırmaq üçün güclü vasitələr təqdim edir. Vurğulamaq vacibdir ki, Süni intellekt geologiya da daxil olmaqla, son onilliklərdə bir çox elmi fənləri əhəmiyyətli dərəcədə dəyişdi.


Geniş mənada Sİ maşınların, xüsusən də kompüter sistemlərinin nümayiş etdirdiyi intellektdir, yəni zəkadır. Bu sahədə maşınlar ətraf mühitin qavramasına hərtərəfli nail olmaq üçün sazlanır. Bunun üçün xüsusi proqram təminatları, biliklərin öyrənilməsi, müasir modelləşdirmə üsulları, nəhəng geoloji və digər məlumat banklarından geniş istifadə olunur. Geoloji məlumatlara müxtəlif mənbələr daxildir, o cümlədən seysmik məlumatlar, süxurların tərkibi məlumatları, peyk təsvirləri və s. Kompüter sistemlərinin öyrənmə üsulları deyilən məlumatları səmərəli şəkildə emal etməyə və gizli nümunələri müəyyən etməyə imkan verir. Məsələn, seysmik məlumatların seqmentləşdirilməsi üçün qruplaşma və təsnifatdan istifadə edilir ki, bu da müxtəlif süxur təbəqələrini və onların xüsusiyyətlərini müəyyən etməyə kömək edir.  Digər tərəfdən reqressiya modelləri geofiziki ölçmələrə əsaslanaraq süxur xüsusiyyətlərini proqnozlaşdırmada fayda veriri. Bundan əlavə, mürəkkəb geoloji təsvirləri şərh etmək üçün neyron şəbəkələrdən istifadə olunur.


Sİ geoloji proseslərin, sunamilərin modelləşdirilməsində də mühüm rol oynayır. Zəlzələlərin proqnozlaşdırılması, sunami dalğalarının yayılmasının modelləşdirilməsi və tektonik plitələrin hərəkətinin təhlili süni intellektdən istifadə etməklə təkmilləşdirilə bilən vəzifələrdir. Bildiyimiz kimi, geologiyanın ən mühüm vəzifələrindən biri də zəlzələlər, vulkan püskürmələri və sürüşmələr kimi təbii fəlakətlərin proqnozlaşdırmasıdır. Sİ tarixi məlumatları təhlil edərək (bu məlumatlar da ona öncədən yerləşdirilir) və hadisələrdən əvvəl olan əlamətləri müəyyən etməklə proqnozların düzgünlüyünü artıra bilir. Lakin qeyd etmək vacibdir ki, Sİ ənənəvi proqnozlaşdırma üsullarını əvəz etmir, əksinə, proqnozların ümumi etibarlılığını artıraraq onları tamamlayır.

 

Vulkan püskürmələrini proqnozlaşdırmaq üçün zaman sıralarının təhlili və qruplaşma metodlarından istifadə olunur. Süni intellekt gözlənilən püskürmə əlamətlərini aşkar etmək üçün seysmik aktivlik, qazın tərkibindəki dəyişikliklər və digər parametrlər haqqında məlumatları təhlil edə bilər. Bu, erkən xəbərdarlıq sistemini təkmilləşdirməyə və əhali üçün riskləri azaltmağa imkan verir. Sİ geoloji xəritələrin yaradılması prosesini avtomatlaşdırmağa imkan verir. Kompüter öyrənmə alqoritmləri ərazinin xüsusiyyətlərini, torpaq növlərini və digər geoloji xüsusiyyətləri müəyyən etmək üçün peyk şəkillərini təhlil edə bilir. Bu, işi xeyli sürətləndirir və çöl tədqiqatlarının aparılması xərclərini azaldır.

 

Neft və qaz kəşfiyyatı şirkətləri seysmik məlumatları təhlil etmək üçün süni intellektdən geniş istifadə olunur. Məsələn, Exxon Mobil və Shell seysmik təsvirləri şərh etmək və potensial çöküntüləri müəyyən etmək üçün dərin öyrənmə tətbiq edir. Bu, axtarış prosesini əhəmiyyətli dərəcədə sürətləndirməyə və qazma xərclərini azaltmağa şərait yaradır.


Geologiyada süni intellektin istifadəsi məlumatların təhlili, proseslərin modelləşdirilməsi və təbii hadisələrin proqnozlaşdırılması üçün yeni imkanlar açır. Süni intellekt tədqiqat proseslərini əhəmiyyətli dərəcədə sürətləndirə, nəticələrin dəqiqliyini artıra və Yer haqqında biliklərimizi genişləndirə bilər.


Göründüyü kimi, təbii ehtiyatlardan davamlı və səmərəli istifadəni təmin etmək üçün süni intellekt texnologiyalarının geologiya sahəsinə inteqrasiyasını davam etdirmək vacibdir.

BİR SUAL
BİR SUAL
BİR SUAL
next
next