Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Apr 2025 Diqər xəbərlər Diqər xəbərlər

BİR SUAL

“Azərbaycanda yeni karbohidrogen yataqlarının axtarış perspektivləri necədir?” 


Sualını GGİ Palçıq vulkanizmi şöbəsində baş elmi vəzifəsini icra edən y.e.e.d., dosent Orxan Abbasov cavablandırır.

 

- Azərbaycanda artıq 3 əsrdır ki, neft və qaz karbohidrogenləri istismar olunur. Karbohidrogen ehtiyatları baxımından Pliosenin Məhsuldar qat çöküntüləri digər daha qədim stratiqrafik komplekslərlə müqayisədə böyük üstünlüyə malikdir.  Hazırda respublika ərazisinin quru və dəniz sahələrində mövcud təxminən 50 neft-qaz yatağından 30-u istismar olunmaqdadır. Statistik göstəriciləri və gələcəklə bağlı proqnozları diqqətə alsaq, Pliosen çöküntülərinin istismarını davam etdirməklə neft və qaz hasilatının artırılması məsələsində nikbinlik azdır. Bu baxımdan yeni perspektivli karbohidrogen mənbələrinin axtarışında və kəşfində əsas diqqət Pliosendən daha aşağıda yerləşən stratiqrafik çoküntü kompleksi ilə yanaşı, həm də alternativ statusda olan, eləcə də istifadə olunmayan ikinci dərəcəli karbohidrogen resurslarına yönəlir.


Hazırkı mərhələdə Pliosendən altda yatan çöküntülərin neft-qaz potensialı qiymətləndirilərkən ənənəvi meyarlarla kifayətlənmək yetərli hesab oluna bilməz. Daha dəqiq desək, qiymətləndirmələr üçün ilk növbədə nefti və qazı törədən çöküntülərin (ana süxurların) mənbəyi haqqında dəqiq bilgilər tələb olunur. Məlumdur ki, uzun illər ərzində Azərbaycanda neft və qazın əmələ gəlməsi üçün  ən effektiv ana süxurlara Maykop aid edilir. Çoxillik tədqiqat nəticələrimiz göstərir ki, Orta Eosenın qalın kəsilişində Maykopdan daha üstün xüsusiyyətlərə malik ana süxurlar aşkarlanır. Bir çox yanaşmalar, o cümlədən mineraloji, üzvi-geokimyəvi, petroqrafik və sperktroskopik analizlərin nəticələri Orta Eoseninin üzvi maddə ilə daha zəngin (>10% orta göstərici) gilli litotiplərinin, xüsusən neft karbohidrogenlərinin əmələ gətirməsi üçün əlverişliyini məlum etmişdir. Onu da qeyd edim ki, bizim bu istiqamətdə silsilə məqalələrimiz “Web of Sciences” və “Scopus” kimi elmmetrik bazalarda, indeksləşən jurnallarda çap olunmaqla yanaşı, həm də mühüm elmi nəticə kimi AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu və AMEA tərəfindən təsdiqlənib.


Digər tərəfdən, Şərqi Azərbaycanın quru ərazilərində yerüstü açılışlarda müəyyənləşən şistli çöküntülər də sintetik karbohidrogen mənbələri kimi xüsusi əhəmiyyətli hesab oluna bilər. Geniş stratiqrafik diapozonda, o cümlədən Kaynozoyun Orta Eosen-Üst Miosen aralıqlı kəsilişində müəyyənləşən və uzun məsafələr boyu izlənilən belə şistlər Quba-Xəzəyranı, Şamaxı-Qobustan, Abşeron və Talışönü neftli-qazlı rayonlarda qeydə alınır. Üzvi maddə ilə yaxşı təchiz olunmuş və Orta Eosen şistləri  kimi  oxşar təkamül xüsusiyyətləri nümayiş etdirən Diatom (Orta-Üst Miosen) şistləri xüsusən Mərkəzi Qobustanda yerüstü retortlarda emal olunmaqla şist neftinin alınması üçün olduqca böyük perspektivlər vəd edir. Qubada bir çox kəsilişlərdə müəyyənləşən Diatom, həmçinin həmin rayonla birgə, Talışda (Yardımlıda) aşkarladığımız Alt Maykop şistlərinin də yerüstü retort texnologiyası ilə sintetik neft və qaz karbohidrogenlərinın alınması baxımından perspektivliyi yüksək qiymətləndirilir.

 

Palçıq vulkanlarının tullantılarının kompleks geoloji, mineraloji və geokimyəvi tədqiqat nəticələrinə istinadən ümumi qiymləndirmələrimizə görə, Mərkəzi Qobustanda 4 km-dək dərin intervallarda müəyyənləşən Orta Eosenin və Maykopun, həmçinin Abşeronun və Qobustanın cənubunda – Cənubi Xəzər çökəkliyinin daha enmiş dənizətrafı zonalarında daha dərinə gömülmüş Diatomun qeyri-termal yetkin şistlərinin yerində (yeraltı geoloji mühitdə) piroliz etməklə şist karbohidrogenlərinin alınması üçün perspektivliyi yüksəkdir.

 

Deyilənləri ümumiləşdirsək, Azərbaycanda Orta Eosen yaşlı gilli şistlərin neft karbohidrogenlərinin generasiyası baxımından təsdiqlənən potensial dərin çöküntülərdə neftin axtarışı üçün yeni perspektivlər formalaşdırır. Digər önəm kəsb edən nüans Şərqi Azərbaycanın quru və dənizətrafı zonalarında həm yerüstü və həm də yeraltı piroliz texnologiyasına əsaslanan metodologiyaların tətbiqi hesabına sintetik şist neft və qazının alınmasının mümükünlüyü ilə əlaqədardır və bu, şübhisiz ki, yaxın gələcəkdə sözügedən istiqamətdə cəhdlərə ehtiyac yaradacaq.

BİR SUAL
BİR SUAL
BİR SUAL
BİR SUAL
BİR SUAL
BİR SUAL
next
next