Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Mar 2011 Diqər xəbərlər Diqər xəbərlər

MUĞAN MONOKLİNALI (Rus dilində)


XÜLASƏ


Azərbaycanda qeyri-antiklinal tipli neft və qaz yataqlarının axtarışı üçün perspektivli obyektlərdən biridə Muğan monoklinalıdır. Belə yataqların axtarışı çətin və mürəkkəbliyini nəzərə alaraq yeni axtarış metodikasının işlənməsi, eləcə də geoloji, geofiziki və geokimyəvi axtarış-kəşfiyyat üsullarından kompleks halında istifadə edilməsi zəruridir. Kitabda böyük faktiki materiallar əsasında bu məsələlərə ətraflı baxılmışdır. Muğan monoklinalının Məhsuldar qat kəsilişində qonşu neft yataqlarında müəyyən edilmiş sənaye əhəmiyyətli horizontlar qeydə alınmış, Məhsuldar qatın horizontları daxilində ayrı-ayrı qumlu və gilli dəstələrin ayrılması ilə zonal və regional müqayisəsi verilmişdir. Aşağı Kür çökəkliyinin cənubi-qərb qanadının maykopdan dördüncü dövrə qədər paleocoğrafiyasına baxılmışdır. İlk dəfə olaraq Muğan monoklinalının pliosen-dördüncü dövrdə qədim çay şəbəkəsinin sxemi tərtib edilmiş, deltalarda çöküntülərin əmələgəlməsini nəzərə alaraq qeyri-antiklinal tələlərinin əsas genetik tiplərinin formalaşması təsvir edilmişdir.


Muğan monoklinalında torpaqaltı çöküntülərinin ümumi geokimyəvi xarakteristikası öyrənilmişdir. Karbohidrogen qaz sahəsinin strukturunda sahəvi qaz anomaliyaları müəyyən edilmişdir. Məhsuldar qat çöküntülərinin güman edilən neft-qaz yataqlarından qalxan qazların hesabına Muğan monoklinalı torpaqaltı çöküntülərində karbohidrogen qazlarının anomaliya zonalarının əmələgəlməsi eksperimental və nəzəri cəhətdən əsaslandırılmışdır. Muğan monoklinalının torpaqaltı çöküntülərində karbohidrogen qazlarının qaz-geokimyəvi axtarışı zamanı görülən işlərin dəyərini azaldan kompleks geokimyəvi tədqiqatların metodikası təqdim edilmişdir.


Məlum geoloji-geokimyəvi təsəvvürlərin, metan karbonunun və onun homoloqlarının izotop analizi əsasında katagenetik proseslər nəticəsində neft-qaz əmələgəlməsinin əsas fazasında karbohirogenlərin formalaşması müəyyən edilmişdir. Məhsuldar qatda karbohidrogenlərin generasiya və akkumulyasiyasının kəmiyyətcə hesablanması aparılmışdır. Kompleks tədqiqatlar nəticəsində iki perspektivli neftli sahə – Sərxanbəyli və Şorsulu – müəyyən edilmiş və Həşimxanlı sahəsinin perspektivli olması təsdiq edilmişdir.