
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
03 May 2011
Diqər xəbərlər
Azix mağarasinin faunasi
Azıx mağarası Azərbaycanın Dağlıq Qarabağın cənub-şərqində, Füzuli rayonunun mərkəzindən 10-12 km qərbdə dağlar arasında yerləşir. Ətrafı sıx meşəliklərlə əhatə olunmuşdur. Mağara karst mənşəli olub, əsasən Ağcagil-Abşeron dövrlərinin sonunda formalaşmışdır. Azıx mağarası öz böyüklüyünə görə Qafqazarxası karst boşluqları içərisində ən möhtəşəmidir. Əlavə mikroyollarla birlikdə mağaranın uzunluğu 400 m, ümumi sahəsi 1200 m2 - dən artıqdır. Mağara hündür (20-25 m) salonlardan və içərisi torpaqla dolmuş keçid yollarından ibarətdir. Salonların içərisi möcüzəli və mənzərəli stalaktitlər, nəhəng təbii qaya riflərilə düzülmüşdür. Mağara ilk dəfə 1960-ci ildə M.M.Hüseynovun apardığı tədqiqatlar nəticəsində aşkar olunmuşdur.
1975-1986-ci illərdə qədim mağarada aparılan kompleks tədqiqatlarda arxeoloqlarla (M.M.Hüseynov, Ə.Q.Cəfərov, M.M.Mansurov və b.) yanaşı, coğraflar (Ə.V.Məmmədov, N.Ş.Şirinov və b.), paleontoloqlar (D.V.Hacıyev, R.C.Cəfərov və b.) və bir çox digər sahələrin mütəxəssisləri iştirak etmişlər. Burada aparılan arxeoloji qazıntılar zamanı ilk dəfə olaraq əl çapaqcaqları tapılmışdır. Bundan başqa, 2 minə qədər daş mə’mulatı da aşkar edilmişdir. Bunlar içərisində 526 ədəd əmək alətləri qeydə alınmışdır. Tapılmış sümüklərə əsasən tə’yin edilmiş heyvanat aləminin növləri göstərir ki, qədim dövrdə Azərbaycan ərazisində soyuqlaşmaya doğru dəyişikliklər baş vermişdir.
Uzun illər ərzində Azıx mağarasında aparılan elmi-tədqiqatlar zamanı aşkar olunmuş fauna qalıqlarının xüsusi elmi əhəmiyyəti vardır. Fauna qalıqları içərisində minlərlə heyvan sümükləri, o cümlədən ayrıayrı çənələr və kəllə sümükləri çoxluq təşkil edir. Tapıntılar sübut edir ki, Azıx mağarasında yaşayan sakinlərin məşğuliyyətində əsas yeri ovçuluq tutmuşdur. Müəyyən olunmuşdur ki, ovçuluq təsərrüfatında maral və mağara ayılarının ovlanması əsas yer tutur.
Azıx mağarasından tapılmış arxeoloji materiallar arxeoloqlarla yanaşı paleocoğrafların, antropoloqların, paleontoloqların, paleogeomorfoloqların və habelə geoloqların diqqətini özünə cəlb etmişdir. Onlar da arxeoloqlarla birlikdə Azıx mağarasındakı tədqiqatla məşğul olmağa başlamış və insanın formalaşdığı dövrə aid zəngin elmi materiallar əldə etmişlər. İllər ötdükcə Azıx mağarasında aşkar olunmuş arxeoloji materialların şöhrəti artır və buradan tapılan materiallar daha da zənginləşirdi. Burada ən maraqlı və mühüm elmi əhəmiyyətli tapıntı 1968-ci ilin yayında əldə olunmuş qədim insanın alt çənə sümüyü olmuşdur. Bu tapıntının tədqiqində professor D.V.Hacıyev iştirak etmişdir. Onun qənaətinə görə, çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır. Bu nöqteyi-nəzərdən Azıx adamının çənəsi avstralopiteklərdən fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların arasında özünə xüsusi yer tutur. Tapıntıya şərti olaraq azıxantrop (yə’ni Azıx adamı) adı verilmişdir. Azıx qədim insanın çənə quruluşundakı spesifik cəhətlər əsasən bir tərəfdən, pitikantroplara, xüsusilə mauer adamı çənəsinə yaxınlığı ilə, digər tərəfdən də, bir çox cəhətlərinə görə Fransanın Araqo mağarasından tapılmış preneandertallara daha yaxındır.
Aparılan elmi-tədqiqatlar nəticəsində dünya şöhrətli antropoloq prof.D.V.Hacıyev müəyyən etmişdi ki, Azıxdan aşkar olunmuş çənə keçmiş SSRİ ərazisində ən qədim insan çənəsi olub, 18-22 yaşlı qadına məxsusdur və bu qadın 350 min il bundan əvvəl Azərbaycan ərazisində yaşamışdır. 1972-ci ilin arxeoloji tədqiqatları zamanı Azıx mağarasının sağ divarında, qaranlıq bir yerdə 3 ədəd mağara ayısının kəlləsi və 2 ədəd alt çənəsi tapılmışdır. Aparılan arxeoloji qazıntılar nəticəsində 6000 fauna qalıqları (heyvan sümükləri) aşkar edilmişdir. Bu sümüklər içərisində vəhşi at, ibtidai öküz, vəhşi qulan, Qafqaz maralı, qaban, mağara ayısı, kərgədan və s. heyvanların sümükləri var idi.
Azıx mağarasından tapılmış u1072 ayı kəllələri daha çox maraq doğurur. Bu ayı kəlləsinin üstündə 8 əyri xətt çəkilmişdir. Xətlərin ayrı-ayrılıqda uzunluğu 15, 18, 20, 24, 30, 36, 45 və 45 mm-dir. Göstərilən xətlərin hamısı dişli daş alətlə çəkilmişdir. Güman edilir ki, kəllə üzərində çəkilmiş xətlər azıxantropların ideoloji təsəvvürləri ilə bağlı olmuşdur. Azıx mağarasında qazıntı halında tapılan qalıqlar içərisində qoluqanadlılar dəstəsinin nümayəndələri (392 sümük) çoxluq təşkil edir. Son illərə qədər Azərbaycan ərazisində cüyür qalıqlarının olduğu mə’lum deyildi. Lakin Azıxda aparılan tədqiqatlar nəticəsində cüyürün buynuzu, alt çənəsi, kürək sümükləri və bezoar keçisinin də qalıqları tapılmışdır. Beləliklə, Azıx mağarasında tapılan faunaya onurğalı heyvanların 3 sinfinin nümayəndələri daxildir: suda-quruda yaşayanlar, sürünənlər və məməlilər. Bunların əsas hissəsini məməlilərin 7 dəstəsinin nümayəndələri - həşəratyeyənlər, qoluqanadlılar, yırtıcılar, cütdırnaqlılar, təkdırnaqlılar, dovşan kimilər və gəmiricilər təşkil edir.
![]() Azıx mağarasının ilk tədqiqatçısı Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru M.M.Hüseynov |
![]() Orta Aşel dövrünə aid əmək alətləri |
![]() Azıxantropun alt çənəsi |
![]() Azıxantropun alt çənəsi |