
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
Geoloji muzey
H.Zərdabi adına Təbiət-Tarixi muzeyi (şöbə statusundadır) daxilində yerləşən Geoloji muzey 1993-cü ildən fəaliyyət göstərir. 2003-cü ildə Geoloji muzey H.Zərdabi adına Təbiət-Tarixi muzeyi ilə birləşdirilmişdir.
Geoloji muzeyin eksponatları İnstitutun V mərtəbəsində yerləşən 1 zal və 1 otaqdan ibarət sahədə nümayiş etdirilməklə yanaşı İnstitutun hər bir mərtəbəsində dəhlizlərdə nümayiş etdirilir.
Zalda divarlarda müxtəlif xəritələr (Azərbaycanın geoloji xəritəsi, tektonik xəritə, neotektonik xəritə, faydalı qazıntı xəritəsi, neft və qaz yataqları xəritəsi palçıq vulkanı xəritəsi və b. nümayiş etdirilir. Eyni zamanda burada İnstitut əməkdaşlarının elmi fəaliyyəti (əsərlər, konfrans və simpozium materialları və s.) nümayiş etdirilir.
İnstitutun zalında yerləşən şkaflarda, vitrinlərdə, dayaqlar üzərində yerləşdirilmiş eksponatlar minerallardan (qeyri-filiz mineralları, filiz mineralları), süxurlardan (maqmatik, metomorfik çökmə süxurlar), filizlərdən, fauna və floradan, palçıq vulkanları tullantılarından, vulkan bombalarından, inşaat materiallarından, üzlük daşlardan və s. ibarətdir.
İnstitutda zala bitişik kiçik otaqda Azərbaycanın müxtəlif neftli-qazlı əyalətindən götürülmüş kernlər nümayiş etdirilir.
Kernlər Böyük Qafqazın Filizçay sahəsindən, Abşeron n/q əyalətindən, Bakı arxipelağı, Şamaxı-Qobustan n/q əyalətindən, Aşağı Kür çökəkliyindən, Ellax-Ağcabədi n/q əyalətindən, Saatlıdan, Xəzəryanı-Quba n/q əyalətindən, Gəncə n/q əyalətindən, Mil-Muğan n/q əyalətindən, Acınour n/q əyalətindən, Kür və Qabırrı n/q əyalətindən və b. götürülmüşdür. Kernlər yura, təbaşir, paleogen, oliqosen, miosen yaşlıdırlar.
Ümumiyyətlə, kernlərin sayı 1600-ə qədərdir. İnstitutun hər bir mərtəbəsində süxur, mineral, filiz, filiz mineralları, qeyri-filiz mineralları fauna vitrinlərdə nümayiş etdirilir. Onların sayı 400-dür.