Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Apr 2013 Diqər xəbərlər Diqər xəbərlər

ŞAMAXIDA RADON QAZININ MİQDARI ÖLÇÜLÜR


Azərbaycan və İsveçrə alimləri ölkəmizdə radon qazı ilə bağlı tədqiqatları davam etdirir. Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu və  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan işlər “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” adlı layihə çərçivəsində İsveçrə Elm Fondunun dəstəyi ilə həyata keçirilir. Tədqiqatlardan məqsəd tikililərdə, xüsusən də yaşayış binalarında radonun ziyanını minimuma endirməkdir.

Layihə çərçivəsində “Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi” tərtib olunub. Xəritəyə görə ölkənin bəzi yerlərində, o cümlədən Şamaxıda radon qazının miqdarına nəzarət etməyə ehtiyac vardır. Hazırda İsveçrənin biologiya elmləri üzrə professoru Klaudio Valsangiakomo, fəlsəfə doktoru  Luka Pampuri, Geologiya İnstitutunun şöbə rəhbərləri – AMEA-nın müxbir üzvü Əkbər Feyzullayev və layihənin Azərbaycan üzrə rəhbəri professor Çingiz Əliyev Şamaxıda ehtiyac duyulan yerlərdə ölçü işləri aparır, tikililərdə bu qazın miqdarının normal səviyyəyə gətirilməsi üçün müasir metodlar tətbiq edirlər. Alimlər İsveçrədən gətirilmiş “Radon Scout Plus” adlı elmi tədqiqat avadanlığı ilə bir neçə saata radonun qatılığını təyin edə bilirlər. Radon qazı normadan artıq aşkar olunan evlərdə ventilyasiya, hava çəkən boru və bu kimi digər təmizləmə qurğuları quraşdırılır.

Ç.Əliyev bildirir ki, müəyyən ərazilərdə radonun normadan çox olması o qədər də ciddi problem deyildir. Onun törətdiyi xəstəliyin bu yerlərdə kütləvi hal almaması da bunu göstərir. Geologiya İnstitutu elmin tibbi geologiya istiqamətində tədqiqatlarını davam etdirir və əldə etdiyi nəticələri ictimaiyyətə açıqlayır.

Professor onu da qeyd edir ki, hazırda alimlər radon qazının mənbələrini təyin etməyə çalışırlar. Tədqiqatlar zamanı radonun qarşısını almaq üsulları da müəyyən olunacaq.

Xatırladaq ki, radon Yer kürəsində geniş yayılmışdır. O, əsasən yerin dərinliklərindəki aktiv tektonik çatlar vasitəsi ilə yerin səthinə çıxır, döşəmələrdəki çatlar, kanalizasiya, su və qaz borularından isə tikililərə sızaraq orada toplanır. Bu qaz normadan çox olduqda uzun illər ərzində ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri arasında siqaretdən sonra ikinci yerdədir.