Ana Səhifə / Xəbərlər

Xəbərlər

22 May 2013 Diqər xəbərlər Diqər xəbərlər

AMEA İLƏ ANADOLU UNİVERSİTETİ ARASINDA MÜQAVİLƏ İMZALANMIŞDIR


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Cümhuriyyətinin Əskişəhər Anadolu  Universiteti arasında qarşılıqlı əməkdaşlıq  haqqında razılaşma əldə olunmuşdur. AMEA-nın Rəyasət Heyətində hər iki təşkilat arasında müqavilə bağlanmışdır. Sənəd AMEA-nın prezidenti akademik Akif Əlizadə və Anadolu Universitetinin rektoru, fəlsəfə doktoru professor Davud Aydın tərəfindən imzalanmışdır. İmzalanma mərasimində A.Əlizadə AMEA ilə Türkiyənin elmi təşkilatları arasındakı mövcud əməkdaşlıq əlaqələrindən qısaca danışmışdır. Akademik qardaş ölkənin məşhur Anadolu Universiteti ilə yeni əməkdaşlığın çox önəmli olduğunu bildirmişdir.

D.Aydın rəhbəri olduğu universitetin fəaliyyətindən geniş bəhs etmişdir. Qonaq bildirmişdir ki, Anadolu Universiteti yalnız təhsil yox, həm də elm ocağıdır. Mükəmməl elmi və texniki imkanlarla təmin olunmuş universitet elmin müxtəlif istiqamətlərində aparmış olduğu tədqiqat və layihələrlə, savadlı kadrlar yetişdirməklə məşhurdur. Türkiyəli professor əlavə etmişdir ki, bu il mayın 7-də Anadolu Universitetində “Heydər Əliyev Mərkəzi” təşkil olunmuşdur. Bu qurum vasitəsi ilə Azərbaycan və Türkiyə alimlərinin müştərək tədqiqatlar aparmaları nəzərdə tutulur.

Beşillik müqavilədə AMEA Anadolu Universitetindəki “Heydər Əliyev Mərkəzi” ilə birlikdə tarix, ədəbiyyat, dilçilik, incəsənət, iqtisadiyyat, arxeologiya və etnoqrafiya sahələri üzrə elmi-tədqiqat işlər aparmaq vəzifəsini öz üzərinə götürür. Monoqrafiya və məqalələr hazırlayıb  nəşr etdirmək, Anadolu Universitetinin əməkdaşlarını AMEA-da keçirilən elmi tədbirlərə və forumlara dəvət etmək, Heydər Əliyev Mərkəzini Azərbaycan  xalqının Ümummilli  lideri  haqqında nəşr olunan elmi və bədii  əsərlərlə təmin etmək də Azərbaycan tərəfinin vəzifələri sırasındadır.

AMEA-da çalışan görkəmli alimlər Anadolu Universitetinin tələbələri və Heydər Əliyev Mərkəzinin dinləyiciləri üçün Bakıdakı İnformasiya Texnologiyaları İnstitutunun vasitəsi ilə video dərslər də keçəcək.

Türkiyə tərəfi isə AMEA ilə birlikdə ortaq simpozium və seminarlar keçirmək, universitetdə təşkil olunan elmi və mədəni tədbirlərə Azərbaycanın tanınmış  alimlərini dəvət etmək, AMEA-nın Tarix, Ədəbiyyat, Dilçilik, İncəsənət və İqtisadiyyat, Arxeologiya və Etnoqrafiya  institutları ilə birlikdə kitablar və məqalələr hazırlamaq, araşdırmalar aparmaq, ekspedisiyalar təşkil etmək vəzifələrini öz üzərinə götürür.

Sonda D.Aydın və köməkçisi Aydın Ziya Özgür AMEA rəhbərliyini Anadolu Universiteti ilə yaxından tanış olmaq üçün Türkiyəyə dəvət etmişdir. A.Əlizadə və AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli dəvəti məmnuniyyətlə qəbul etmişlər.