Ana Səhifə / Xəbərlər

Xəbərlər

13 May 2014 Diqər xəbərlər Diqər xəbərlər

Bayil sürüşmə zonasinda aparilmiş elektrik kəşfiyyati tədqiqatlarinin yeni nəticələri

 
 
G.-m.e.n. Əvəz Salamov (AMEA Geologiya İnstitutu)

Seminar 14 may 2014-cü il tarixində saat 11-də AMEA Geologiya İnstitutunun akt zalında keçiriləcəkdir.


Bayıl yamacında sürüşmə prosesləri XIX əsrin ortalarından başlamış və 1847, 1877, 1919, 1927, 1929, 1932, 1953, 1968, 1969, 1973, 1974, 1996, 2000 və 2011-ci illərdə aktivləşmişdir. 07.03.2000-ci ildə baş vermiş sürüşmə eni
350 m, uzunluğu 450 m olan ərazini əhatə etmişdir. Ümumilikdə bu zaman baş vermiş sürüşmə nəticəsində 4,5-5,0 mln m3 həcmində olan kütlə sürüşmə prosesinə məruz qalmışdır. Nəticədə müxtəlif təyinatlı tikililər, kommunikasiya xətlərinə və əhaliyə küllü miqdarda ziyan dəymişdir. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, ekzogen geoloji proseslərdən (EGP) olan sürüşmələrin öyrənilməsi həmişə olduğu kimi, bu gün də aktual məsələlərdən biridir.

Bayıl yamacında sürüşmə proseslərinin öyrənilməsi məqsədilə 1975, 1985, 1996, 2000 və 2012-ci illərdə kompleks mühəndis-geoloji və geofiziki üsullarla tədqiqatlar aparılmışdır. 2012-ci ilə qədər aparılmış tədqiqatlar nəticəsində geoloji kəsiliş 40 m dərinliyə qədər öyrənilmişdir ki, bu da ərazinin geoloji quruluşu haqqında tam məlumat alınmasını qismən təmin etmişdir.

2012-ci ildə Bayıl sürüşmə sahəsində yamacın geoloji kəsilişinin
100 m dərinliyə qədər öyrənilməsi məqsədilə aralarındakı məsafə 100 m, müşahidə nöqtələri arasındakı məsafə isə 20 m olmaq şərti ilə şərq-qərb istiqamətində üç profil üzrə Şaquli Elektrik Zondlama (ŞEZ) üsulu ilə geofiziki tədqiqatlar aparılmışdır.

Aparılmış geofiziki tədqiqatlar nəticəsində sürüşmə müstəvisinin yatma dərinliyi, sürüşmə kütləsinin qalınlığı, pozulma qırılmalarının yeri və istiqaməti, geoloji kəsilişi təşkil edən litoloji tərkiblərin qalınlıqları müəyyən edilmişdir.

2000-ci ildə Bayıl yamacında baş vermiş sürüşmənin qırılma qaşı şaquli istiqamətdə 32 m dərinliyə qədər davam etmişdir. Sadə hesablama göstərir ki, sonuncu qırılma qaşının təxminən 2000-ci ildə baş vermiş sürüşmənin qırılma qaşından, mərhələlərlə 100 m qədər qərbə doğru davam edəcəyi ehtimal olunur. Nəticədə sahənin relyefinin mailliyi təxminən 17-20° təşkil edəcəkdir ki, bununla da ərazidə sürüşmə prosesi başa çatacaqdır.

Ərazidə sürüşmə proseslərinin inkişafı üzərində nəzarətin təşkil edilməsi üçün geofiziki üsullarla monitorinqin aparılması məqsədəuyğundur.

Bayıl yamacında sürüşmə proseslərinin öyrənilməsi məqsədilə istifadə edilmiş kompleks tədqiqat üsullarından digər sahələrdə də ekzogen geoloji proseslərin öyrənilməsi üçün istifadə edilə bilər.