
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA “GEOMEXANİKA” NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ
2016-cı il fevralayının 25 AMEA-nın Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçirilmişdir. Seminarda elmi-tədqiqat layihə işinin bütün iştirakçıları və müxtəlif müəssisələrdən qonaqlar iştirak etmişlər.
Seminarı layihənin rəhbəri akademik Hətəm Quliyev açdı və qeyd etdiki, fevral ayının 26-sı Xocalı faciəsinin ildönümüdür. Bu faciədə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Sonra O, giriş sözündə layihədə nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini söylədi və bugün “Süxurları relaksasiyalı deformasiyaya uğrayan neft və qaz laylarında quyuya axının 3-ölçülü məsələlərinin həlli” mövzusunda AMEA-nın müxbir üzvü Arif Quliyevin və t.e.n. Bunyad Kazımovun təqdim etdiyi məruzənin müzakirə ediləcəyini qeyd etdi.
Məruzə üçün söz texnika elmləri namizədiBünyad Kazımova verildi.
Neft və qaz yataqlarının işlənilmə məsələlərinin həlli əsas etibarilə müvafiq qoyuluşlu yeraltı hidroqazdinamika məsələlərinin həllinə əsasən müəyyənləşdirilir və bu zaman geomexanikanın, ilk növbədə, flüidlərin müxtəlif kollektorluq xüsusiyyətlərinə malik layda süzülməsi ilə bağlı nəzəri və təcrübi məsələlərin araşdırılmasına ehtiyac duyulur.Təqdim olunan məruzədə qısa olaraq bu istiqamət üzrə xüsusən süxurların deformasiya növlərinin nəzərə alınması ilə son illər ərzində aparılan elmi tədqiqatların icmalı verilmişdir. Bu mövcud tədqiqatların bazasında hal-hazırda öz aktuallığını saxlayan məsələlərin qoyuluşu əsaslandırılmışdır.
Göstərilir ki, son illərədək mövcud olan ənənəvi işlәrdә əsas etibarilə lay-kollektorları təşkil edən süxurların işlənilmə prosesində xətti və ya qeyri-xətti deformasiyaya uğraması halları nəzərdən keçirilmişdir. Keçən əsrin 80-ci illərindən başlayaraq yataqların işlənilməsi prosesində lay-kollektorlarını təşkil edən süxurlarda reoloji növlərə malik deformasiyaların (relakasiyalı və sürüngənli) özünü göstərməsi, ilk növbədə, nəzəri-eksperimental və faktiki mədən tədqiqat məlumatları ilə sübut olunmağa başlanılmış, bununla bağlı olaraq relaksasiyalı və sürüngənli mühitlərdə reoloji süzülmə nəzəriyyələri yaradılmışdır. Bu tədqiqatların nəticəsində eyni zamanda eksperimentlərə əsaslanmaqla reoloji deformasiya şəraitlərində məsaməliyin və keçiriciliyin dəyişmə qanunlarının, ənənəvi qəbul edilən hallardan fərqli, riyazi ifadələri də təklif olunmuşdur.
Relaksasiyalı deformasiya olunan mühitlərdə tarazlaşmamış süzülmə nəzəriyyəsi çərçivəsində bugünədək aparılan tədqiqatların böyük əksəriyyəti maye və qazların məsaməli mühitlərdə süzülməsi zamanı yalnız sürətin və təzyiqin relaksasiyalarını nəzərə almaqla aparılmışdır və hal-hazırda da bu istiqamət xüsusilə Rusiya tədqiqatçıları tərəfindən süzülmənin düz və tərs məsələlərinin tədqiq olunması yönümündə inkişaf etdirilməkdədir. Süxurların reoloji deformasiyalarının yataqların işlənilmə göstəricilərinə kəmiyyətcə təsirinin öyrənilməsinə, ilk dəfə, AMEA Geologiya və Geofizika İnstitutunda başlanılmışdır və hal-hazırda da bu işlər davam etdirilir. Bu işlər isə əsas etibarilə flüidlərin laydan quyulara xətti və müstəvi axını hallarına uyğun müvafiq düz və tərs riyazi qoyuluşlu birölçülü və ikiölçülü məsələlərin tədqiqi üzrə aparılır. Lakin bu işlərin hal-hazırda neftqazmədən təcrübəsi baxımdan inkişafı tələb edir ki, bu məsələlər neftin və qazın məsaməli lay mühitində quyulara həcm üzrə axını şəraitində kollektor xüsusiyyətlərinə görə qeyri-bircinslik nəzərə alınaraq inkişaf etdirilməklə aparılsın.
Tәqdim edilәn mәruzәdə neftin və qazın süxurları relaksasiyalı deformasiyaya uğrayan məsaməli lay mühitində ayrıca quyuya axınının üçölçülü modeli əsasında әldә edilәn ilkin nәticәlәr şərh olunmuşdur.
Neftin və qazın süxurları relaksasiyalı deformasiyaya uğrayan məsaməli lay mühitində ayrıca quyuya həcm üzrə axını zamanı işlənilmə göstəricilərinin (təzyiq, neftlədoyma, neft (qaz) verim əmsalları və s.) qiymətləndirilməsi üçün təklif olunan həll sxemləri məsaməliyin və keçiriciliyin layın həcmi üzrə müxtəlif qanunlar üzrə paylanmalarını nəzərə almağa imkan verirlər. İşdə habelə neftin və qazın quyuya həcmi axını zamanı süxurların reoloji parametrlərinin identifikasiyalı təyininə imkan verən həll alqoritmləri işlənib hazırlanmışdır. Əldə edilmiş nəticələrdən istifadə etməklə yataqların ehtiyatlarının hesablanması daha dəqiq aparıla bilər. Alınmış nəticələr bu istiqamətdə elmi tədqiqatların gələcəkdə də müxtəlif amilləri nəzərə almaqla inkişaf etdirilməsinin vacibliyini göstərir.
İşə dair B.Z.Kazımovun “İşlənmə məlumatlarına görə qaz yatağının süxurlarının qeyri-xətti deformasiyalarının reoloji parametrlərinin təyini alqoritmləri” (Алгоритмы определения реологических параметровмоделей неупругой деформациигорных породгазовых залежей по даннымих разработки) məqaləsi Rusiyada dərc olunan "Письма в журнал технической физики" jurnalına çap üçün təqdim olunmuşdur (jurnalın tərcümə variantı Tomson bazasına daxildir).
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılandı, suallar cavablandırıldı. Tədbir, işlərin nəticələrinin müzakirəsi ilə başa çatdı.
Yekunda layihə və seminar iştirakçılarının nəzərinə çatdırıldı ki, mart ayında illik hesabatlar qəbul olunmuş formada hazırlanaraq layihə rəhbərinə təqdim edilsin.