
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
16 Nov 2016
Diqər xəbərlər
YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
16 noyabr 2016-cı il
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda “Cənub-Şərqi Qafqazın Üst Yura çöküntülərinin stratiqrafiya və paleocoğrafiyasına dair yeni məlumatlar” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbiri açaraq mövzunun əhəmiyyətindən, bu istiqamətdə aparılan müasir tədqiqatların vacibliyindən danışıb. Sonra, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, geologiya-mineralogiya elmləri doktoru Çingiz Xəlifəzadənin mövzu üzrə məruzəsi dinlənilib. Natiq bildirib ki, Cənub-Şərqi Qafqazın üst yura çöküntülərinin stratiqrafik-litoloji quruluşunun əsası V.Y.Xain, N.B.Vassoyeviç, Ə.Ş.Şıxəlibəyli, A.H.Əliyev, Ç.M.Xəlifəzadə, V.B.Ağayev, V.P.Akayeva, N.M.Qasımova və b. tərəfindən qoyulmuş və həmin kəsilişlərin quruluşunda bir sıra Beynəlxalq, regional və yerli taksonlar müəyyən edilmişdir.
Cənub-Şərqi Qafqazın üst yura çöküntülərində stratiqrafik qeyri-uyğunluqlar, qısa məsafədə kəskin fasial dəyişmələr və üst yura hövzələrinin hidrokimyəvi və fiziki-coğrafi tiplərinin müxtəlifliyinə ğörə onlar çox mürəkkəb stratiqrafik-litoloji quruluşa malik olduqlarından burada müasir dövrün tələblərinə uyğun yeni kompleks litoloji-stratiqrafik və paleocoğrafi tədqiqatların aparılmasına böyük ehtiyac yaranmışdır.
Məruzəçi bu sahədə əldə etmiş olduğu yeni nəticələri aşağıdakı tezislər əsasında təqdim edib:
- Cənub-Şərqi Qafqazın üst yura çöküntülərinin mərtəbələr üzrə dəqiq, məlumatlı, regional paleocoğrafi xəritələrinin tərtib olunması üçün tələb olunan stratiqrafik sxemin olmaması və 8 cildli “Azərbaycanın geologiyası” əsərində həmin çöküntülərin regional stratiqrafik sxemi haqqında izahat.
- CŞ Qafqazın üst yura çöküntülərinin paleontoloji, litoloji, petroqrafik korrelyativlər və paleocoğrafi meyarlar əsasında dəqiqləşdirilmiş stratiqrafik sxemin təhlili.
- CŞ Qafqazın və qismən Şərqi Qafqazın oxsford, kimeric və titon kəsilişlərinin (22 kəsiliş) fasial genetik analizi əsasında tərtib edilmiş icmal cədvəlləri və diaqramlarının qısa xülasəsi.
- CŞ Qafqazın üst yura epoxasının mərtəbələr üzrə 1:500000 miqyaslı paleocoğrafi xəritələrinin tərtib olunmasına metodoloji yanaşma və kellovey çöküntülərinin stratiqrafiyası və paleocoğrafiyasına dair izahat.
- Oksford əsrinin 1:500000 miqyasda tərtib olunmuş litoloji-paleocoğrafi xəritəsi və fasial-paleocoğrafi profil əsasında – zəif tektonik rejimlə səciyyələnən dayaz, geniş şelfə və şəfaf suya malik karbonat platforması tipində Cənubi Çin dənizinə oxşar, aşınma zonaları düzənlik relyefli və zəif bitki örtüklü yarımsəhra iqlim şəraitində tropik dənizin olması müəyyən edilmişdir. Yalnız CŞ Qafqazın oksford hövzələrində kseraktiniya riflərinin əmələ gəlməsi üçün əlverişli şərait olmuşdur.
- Kimeric əsrinin tərtib edilmiş məlumatlı paleocoğrafi xəritə və fasial profili əsasında – hövzənin inkişafında gərgin tektonik şəraitdə kimeric transqressiyasının başlanması müəyyən edilmiş və nəticədə əks ərərazilərdə oksford çöküntüləri tamamilə yuyulmuşdur. Bu dövrdə aşınma zonaları bitki örtüyü ilə zəngin dağlıq relyefi kəsb etmiş və onların yuyulması nəticəsində kimeric hövzələrində üzvi maddələrlə nisbətən zəngin terrigen çöküntülər toplanmışdır. Kimeric hövzələr normal duzluluğa malik subtropik iqlim şəraitində inkişaf etmiş və burada toplanmış çöküntülər humid litogenezinə məxsus olmuşdur. Kimeric hövzələrində rif qurumlarının əmələ gəlməsi üçün əlverişli şərait olmamışdır.
- Titon əsrində tektonik gərginlik xeyli səngimiş, onun hövzələri arid iqlim şəraitində dayazlaşmış laqun və körfəzlərə ayrılmışdır. Əsas aşınma zonaları penepenləşmiş və yarımsəhra iqlim zonasına aid olmuşdur. Cənub-Şərqi Qafqazın cənub hissəsində (Babaçay, Cimiçay, Qonaxkənd qəsəbəsi, Xaltam və s.) və Böyük Qafqazın cənub yamacında hövzənin batiometriyası və tektonik fəallığının artmasından burada arid iqlimi xarakterizə edən qırmızı rəngli karbonat fliş çöküntüləri formalaşmışdır. Şahdağ-Sudur zonasında və Dağıstanda laqunlarda evoparitlər əmələ gəlmiş, açıq dəniz şelfində isə dolomitləşmiş üzvi və qismən oolitli mikritli əhəngdaşları formalaşmışdır. Titon hövzələrində də rifogen süxurların əmələ gəlməsi üçün müvafiq şərait olmamışdır.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.


AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com


AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com