Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Dec 2016 Diqər xəbərlər Diqər xəbərlər

Hidrogeologiya və mühəndisi geologiya şöbəsi


Şöbə rəhbəri geologiya-mineralogiya elmləri doktoru İsrafilov Yusif Həbib oğlu

Tel.: +(99412) 5101164
Faks: +(99412) 4975285
E-mail: yusifisrafil@gia.ab.az

Şöbə 2006-cı ildə g.-m.e.d., professor C.M.Süleymanovun rəhbərliyi ilə yaradılmış laboratoriyanın (1953) bazasında təşkil olunmuşdur. 1953-cü ildən başlayaraq laboratoriyada üst pliosen-IV dövr çöküntü törəmələrinin mühəndisi-geoloji şəraitinin formalaşmasının qanunauyğunluqları, sənaye, mülki və hidrotexniki tikintinin intensivləşməsi ilə əIaqədar onlarda fiziki-geoloji proseslərin və təzahürlərin yaranması və inkişafı tədqiq edilir. Xəzər dənizi şelfinin müasir çöküntülərinin fiziki-mexaniki xassələri, respublikanın ovalıq zonalarında baş verən sürüşmə hallarının yaranması şəraitləri, respublikanın içməli, mineral və termal yeraltı sularının miqdari və keyfiyyət parametrlərinin formalaşması qanunauyğunluqları öyrənilmişdir.

Keçən əsrin 80-ci illərində xalq təsərrüfatının inkişafının yüksək templəri və antropogen amillərin təsirinin artması geoloji mühitə və yeraltı hidrosferə texnogen proseslərin təsirinin öyrənilməsini şərtləndirmişdir. Texnogen yüklənmə qruplarının və tiplərinin ayırd edilməsi ilə antropogen proseslərin təsnifat sxemi işlənilmiş, onların geoloji mühitin geodinamik və hidrokimyəvi dəyişikliklərinə və geoloji mühitin ən mobil komponenti olan yeraltı sulara təsiri qiymətləndirilmişdir.

Şöbənin elmi tədqiqatlarının prioritet istiqaməti yeraltı hidrosferin vəziyyətinə təbii və antropogen təsirin sistemli şəkildə öyrənilməsi, təbii və texnogen sistemlərlə qarşılıqlı əlaqə şəraitində hidrogeoloji və mühəndisi-geoloji şəraitin formalaşmasının məkan və zaman qanunauyğunluqlarının müəyyənləşdirilməsi, bu sistemlərin proqnozlaşdırılmasının elmi əsaslarının işlənilməsidir.

Şöbənin əməkdaşları xarici şirkət və firmalarla (UNOCAL, BP, EXXON) bağlanmış müqavilələr üzrə aparılan işlərdə, habelə müxtəlif beynəlxalq fondların qrant dəstəyi çərçivəsində (NATO, Royal Society of Great Britain, ABŞ-nın Dövlət Departamenti, SOROS fondu, UNESCO və s.) respublika ərazisinin ekoloji təhlükəsizliyinin qiymətləndirilməsi və yuxarıda sadalanan istiqamətlər üzrə işlərdə iştirak edirlər. Şöbədə hidrogeoloqlar və mühəndis-geoloqlar məktəbinin yaradılmasına töhfəsini vermiş yüksək ixtisaslı kadrlar hazırlanmışdır.

Şöbənin tədqiqatlarının əsas istiqamətləri:
  • mühitə çoxamilli yüklənmənin təsiri altında hidrogeoloji və mühəndisi-geoloji şəraitin vəziyyətinin qiymətləndirilməsi və dəyişikliklərin proqnozlaşdırılması;
  • şirin, mineral və termal yeraltı suların formalaşmasının qanunauyğunluqlarının və onların ehtiyatlarının strukturunu yeraltı və yerüstü suların qarşılıqlı təsirinin nəzərə alınması ilə öyrənilməsi, həmçinin hidrosferin təsirə qarşı reaksiyasının spesfikliyinin tədqiqi;
  • yeraltı sulardan rasional istifadə və mühafizəsinin təmin edilməsi üzrə hidrogeoloji tədbirlərin, habelə obyektlərin və qurğuların geoekoloji təhlükəsizliyinin təmin olunması üzrə mühəndisi-geoloji tədbirlərin işlənilməsi;
  • respublikanın yeraltı su yataqlarının riyazi geofiltrasiya modellərinin işlənilməsi.