Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Feb 2017 Diqər xəbərlər Diqər xəbərlər

ABŞ-ın “NATURAL HISTORY” JURNALI BİLGƏH ZƏFƏRANINDAN YAZIR


21 fevral 2017-ci il

ABŞ-ın məşhur elmi-publisistik jurnalı “Natural History” (Təbiət tarixi) Bilgəh zəfəranı barədə geniş məqalə dərc edib. “Saffron” (Zəfəran) sərlövhəli material dünyada geniş miqyasda oxunan jurnalın fevral ayı nömrəsində işıq üzü görüb. Müəllifi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynovdur. Yazıda Azərbaycanın 100 ildən çox yaşı olan zəfəran əkinçiliyi mədəniyyəti, əsasən Bilgəhdə yetişdirilən bu bitkinin faydaları və ondan təbabətdə istifadə qaydaları haqqında geniş məlumat verilir. Əkin prosesi çətin olmayan və böyük qayğı tələb etməyən yerli zəfəranın keyfiyyəti, ciyər, göz, mədəaltı vəzi, ürək-damar sistemi, böyrək və digər bədən orqanlarının xəstəliklərinə qarşı müalicəvi effekti məqalədə ətraflı təsvir olunur. Burada zəfəranın ölkəmizin iqtisadiyyat və mədəniyyət tarixində, həmçinin Abşeron əhalisinin gündəlik həyatı və illik gəlirində oynadığı roldan xüsusi bəhs edilir.

Müəllif Azərbaycandan əlavə digər ölkələrin alimlərinin zəfəranla bağlı tədqiqatlarının elmi jurnallarda dərc olunmuş nəticələrini 9 ay araşdırdıqdan sonra topladığı məlumatları məqalə halında “Natural History”yə təqdim edib. Jurnalın 4 səhifəsini təşkil edən materialda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Bitki biotexnologiyası” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Tofiq Qaragözov və Meksikanın Milli Pediatriya İnstitutunun “Eksperimental onkologiya” laboratoriyasının azərbaycanlı rəhbəri, biologiya elmləri doktoru Fikrət Abdullayevin çoxillik tədqiqatlarının nəticələri xüsusi ilə geniş yer alıb.

Məqalə S.Hüseynovun “Natural History” jurnalında dördüncü çıxışıdır. Altı il əvvəl onun sözügedən nəşrdə Binəqədi fauna və flora Dördüncü dövr qəbiristanlığı, 2012-ci ildə qlobal iqlim dəyişmələrinin Xəzərə təsiri, 2016-cı ildə isə Xəzər suitisinin tükənmə təhlükəsi barədə geniş materialları dərc olunub.












AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com