
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) müəssisənin elmi işçilərinin “Web of Science” elmi informasiya bazası ilə işinin təmin edilməsinə dair seminar keçirildi. Karbohidrogen Sistemləri bölməsinin alim və mütəxəssislərinin iştirak etdiyi tədbirdə institutun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov sözügedən elmi məlumatlar bazası haqqında ətraflı məlumat verdi. Bazadan istifadənin ilkin mərhələsində axtarış sistemindəki imkanlar, axtarışların nəticələrinə dair analitik məlumatların əldə edilməsi yollarından danışdı. Bildirdi ki, bazada AMEA-nın platforması yaradılıb və bir çox müəssisələrin, o cümlədən GGİ-nin alimlərinə məxsus elmi məqalələr platforma ilə əlaqələndirilib. Yaxın zamanda “Geologiya və Geofizika İnstitutu” adlı platformanın da yaradılacağını qeyd edən S.Hüseynov bunun sayəsində məqalələrin axtarışını asanlaşdırmağın mümkün olacağını diqqətə çatdırdı və bu yenilikdən öncə bəzi işlərin həyata keçirilməsinin zəruriliyini vurğuladı. Belə ki, əməkdaşların elmi məqalələrini institutun platforması ilə operativ və dəqiq şəkildə əlaqələndirmək, həmçinin hər hansı məqalənin platformadan kənarda qalmasına imkan verməmək üçün alimlərin bazadakı “EndNote” sistemində şəxsi hesab açmaları və “ResearcherID” sistemində tədqiqatçı şifrəsi əldə etmələri gərəkdir. Bunların vasitəsi ilə müəlliflər məqalələri daha etibarlı və toplu şəkildə platformaya təqdim edə biləcəklər.
Seminar iştirakçılarına “EndNote” şəxsi hesabı və “ResearcherID” şifrəsini əldə etməyin yolları əyani şəkildə göstərildi. Tədbirin digər elmi-tədqiqat bölmələrində çalışan elmi işçilər üçün də keçiriləcəyi, bazadan istifadəyə dair daha geniş və yeni təlimatların növbəti seminarlarda təqdim olunacağı bildirildi. Seminar sual və cavablarla yekunlaşdı.
AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com