Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Nov 2017 Diqər xəbərlər Diqər xəbərlər

YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB


21 noyabr 2017-ci il

 
Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda “Böyük Qafqazın Cənub-Şərq hissəsi və onun ətraf regionlarında tektonik hərəkətlərin kinematik parametrləri (yeni paleomaqnit məlumatlar əsasında)” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov tədbiri açaraq mövzu üzrə aparılmış tədqiqatların əhəmiyyətindən danışıb. Buldirib ki, məruzə Geomaqnetizm şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Mənijə İsayeva və əməkdaşı, geologiya-mineralogiya elmləri namizədi Təhminə Qarayeva tərəfindən təqdim olunub.

T.Qarayeva çıxış edərək bildirib ki, paleomaqnit tədqiqatların metodlarından geniş istifadə olunur: tektonik məsələlərin həllində, lokal deformasiyanın öyrənilməsindən başlayaraq ayrı-ayrı massivlərin dönməsi, litosfer plitələrin horizontal hərəkətləri və qlobal rekonstruksiyaların problemlərinə qədər. Bu metod qırışıqlıq sahələrinin tektonikası və formalaşması tarixinə aid məsələlərin həllində daha perspektivlidir. Mezokaynozoyun vulkanogen-çökmə və çökmə süxurlarının kompleks tədqiqatları nəticələrinin eyni geoloji qurluşa malik regionların məlumatları ilə müqayisəsi, geoloji hadisələrı geniş miqyasda sinxronlaşdırmağa və rekonstruksiya etməyə, uyğun zaman kəsilişində geomaqnit sahənin tarixi haqqında daha dolğun məlumat almağa imkan verir.
Böyük Qafqazın cənub-şərq yamacında yerləşən Lahıc, Vəndam və Sumaqalı kəsilişləri; Acinohur çökəkliyindən – Xocaşen, Xudbarekdağ və Böyük Dəhnə; Orta Kür çökəkliyinin üst hissəsindən – Göyçay, Türyançay və Girzan; Abşeron yarımadasından – Korgöz, Qaraquş və Qurd qapısı kəsilişlərindən nümunələr götürülmüş və paleomaqnit tədqiqatlar aparılmışdır.

Bu kəsilişlərdə blokların hərəkətlərinin kinematik parametrləri öyrənilmişdir: saat əqrəbi istiqamətində, saat əqrəbinin əksi istiqamətində dönmələr, horizontal hərəkətlər, ayrı-ayrı blokların paleotektonik nöqteyi- nəzərdən yenidən qurulması.

Böyük Qafqazın cənub-şərq yamacının və ətraf regionlarının kəsilişlərində paleomaqnit tədqiqatların nəticələrinin analizi göstərir ki, blokların şərqdən qərbə doğru horizontal hərəkətlərinin sürəti artir. Bu hərəkətlər Böyük Qafqaza məxsus gərginliyin maksimal qiyməti və geodinamik aktivliklə əlaqədardır. Bu qiymətləndirmə qırışıqlıq deformasiyasının intensivliyi, palçıq vulkanizmi və dərinlik tektonik yarılmalar faktorlarına əsaslanır.

Qonşu regionlar üzrə paleomaqnit məlumatların müqayisəsi Qafqazın tektonik quruluşunun və inkişafının müasir təsvirinə zidd deyildir.

Paleomaqnit məlumatlar əsasında öyrənilən ərazinin bloklarının quruluşu təsdiqlənmişdir. Ayrı-ayrı blokların horizontal hərəkətlərinin sürəti müxtəlifdir və bu da onunla izah olunur ki, yer qabığının ayrı-ayrı hissələrinin toqquşması dağ massivlərin kənarlarının əhəmiyyətli dərəcədə deformasiyasına gətirir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.






AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com