Ana Səhifə / Xəbərlər

Xəbərlər

22 Nov 2017 Diqər xəbərlər Diqər xəbərlər

YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB

 
22 noyabr 2017-ci il


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda ““Dünya gərginlik xəritəsi” layihəsinin proqramı vasitəsilə və relyefin topoqrafik xüsusiyyətlərinin təsiri nəticəsində Azərbaycan ərazisində formalaşan gərginlik şəraitinin təhlili” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov tədbiri açaraq çıxış üçün sözü Seysmologiya və seysmik təhlükə şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri namizədi, dosent Qulam Babayevə verib. Məruzəçi bildirib ki, Qafqaz regionu (Azərbaycanın hüdüdlarında) litosferinin gərginlik və deformasiya şəraitinin formalaşmasında rol oynayan relyefin topoqrafik xüsusiyyətlərinin təsiri müəyyən edilmişdir və mərhələli şəkildə müxtəlif müvafiq kompüter proqramları vasitəsilə texniki müşahidə əsasında modellər qurulmuşdur. Litosferin gərginlik və deformasiya şəraitini səciyyələndirən qurulmuş modellərə əsasən müxtəlif dərinliklərdə gərginlik sahəsinin şaquli oxlarının vektorlarının istiqaməti və lokallaşması təyin edilmişdir. Alınan nəticələr göstərir ki, Azərbaycan ərazisi boyu gərginliklərin oriyentasiyası əsasən şimal-şimal-şərq istiqamətində inkişaf edir və Xəzər dənizinin cənub hissəsində sağtərəfli sıxılma təsiri yaradır. Gərginlik sahələrinin inkişaf xarakterini təhlil edərək belə bir nəticəyə gəlmək olar ki, onların formalaşması Yer səthinin relyefinin (topoqrafik anomaliyaların) təsiri şəraitində baş verir. Beləliklə, 100 km dərinlikdə gərginliklərin inkişaf prosesinə Yer səthinin relyefinin təsiri çox yaxşı müşahidə olunur və burada lokal topoqrafik qüvvələrin təsiri ilə gərilmə və sıxılma gərginliklərinin azalması baş verir. Daha sonra dərinlik artdıqca sıxılma və gərilmə gərginliklərinin yüksəlməsinin real mənzərəsi izlənilir. Topoqrafik anomaliyaların təsiri altında Qafqaz regionu litosferinin gərginlik şəraitini əks etdirən modellərin faktiki məlumatları (baş vermiş real zəlzələlər) arasında uyğunluq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi məqsədilə, gərginlik sahəsinin orientasiya istiqamətləri Azərbaycan ərazisində 1990-2015-ci illər ərzində Мw≥5 moment maqnitudası ilə baş vermiş zəlzələlərin ocaq mexanizmləri “Dünya gərginlik xəritəsi” layihəsinin proqramı vasitəsilə (CASMO) tektonik hərəkətlərin tipləri ilə müqaisə olunmuşdur. Alınan nəticələrə əsasən, Böyük Qafqazın qərb və mərkəzi hissələri şimal-şərq-cənub-qərb gərilmə şəraiti ilə səciyyələnir. Şərq hissəsində isə bu gərilmə intensiv sıxılma ilə əvəz olunur. “Dünya gərginlik xəritəsi” layihəsinin proqramı vasitəsilə alınan nətəcələr göstərir ki, tədqiqat ərazisində zəlzələlər əsasən qırılıb-qalxma, qırılıb-düşmə-yerdəyişmə tipli ocaq mexanizmləri ilə xarakterizə olunur.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.













AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com