
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
20 Apr 2018
Diqər xəbərlər
GGİ-NİN ELMİ ŞURASINDA “CƏNUBİ XƏZƏRDƏ QEYRİ-ANTİKLİNAL TƏLƏLƏR VƏ PALÇIQ VULKANİZMİ” MÖVZUSUNDA MƏRUZƏ DİNLƏNİLİB
20 aprel 2018-ci il
AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi Şuranın növbəti iclasını müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, AMEA müxbir üzvü Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Sonra “Cənubi Xəzərdə qeyri-antiklinal tələlər və palçıq vulkanizmi”mövzusunda g.-m.e.d. Namaz Yusubovun elmi məruzəsi dinlənilib.
Məruzəçi palçıq vulkanizminin yalnız Cənubi Xəzər (Aşağı Kür hövzəsi daxil) və Şamaxı-Qobustan çöküntü hövzələrində, sahəsi 57000 km2 olan delta çöküntü kompleksi ilə əlaqəliliyi aşkarlanması, hövzədə toplanmış maykop çöküntülərinin qeyri-nyuton mayelər xüsusiyyətinə malik olması, palçıq vulkanizmi və ərazinin seysmikliyi arasında əlaqənin mövcudluğunun tədqiqi, palçıq vulkanizminin çay məcraları ilə əlaqəliliyi və digər məsələlərə aydınlıq gətirib.Məruzə maraqla qarşılanıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Elmi Şuranın qərarı ilə N.Yusubovun məruzəsi bəyənilib və mövzu istiqamətində birgə tədqiqatların aparılması üçün Elmi-tədqiqat institutlarının, həmçinin digər əlaqədar təşkilatları mütəxəssislərinin cəlb edilməsi tövsiyə edilib.
Elmi Şurada bir sıra yeni elmi-tədqiqat işlərinin proqramları da müzakirəyə çıxarılıb. “Geoloji mühitin müasir geodinamikanı nəzərə alan Berç diaqramları”, “Azərbaycanın geotermal Atlası və geotermal enerji resursları Kadastrının tərtib edilməsi”, “Xarici materialları əvəz edəcək ekoloji təmiz, ucuz və keyfiyyətli inşaat materiallarının (perlitin) yeni tətbiq sahələri”, “Geologiya və Geofizika İnstitutunun Ukrayna alimləri ilə birgə apardığı elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin gedişatı haqqında”, “AMEA İtaliya Milli Tədqiqatlar Şurası (CNR) proqram çərçivəsində aparılan müştərək elmi-tədqiqat işlərinin yerinə yetirilməsi” mövzularında elmi-tədqiqat işlərinin aparılması məsələləri diqqətə çatdırılıb.
Elmi Şurada doktoranturaya qəbul və cari məsələlər də müzakirə edilib.






AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru