
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
31 May 2018
Diqər xəbərlər
GGİ ALİMLƏRİ FRANSALI MÜTƏXƏSSİSLƏRLƏ BİRGƏ YENİ TƏDQİQATLAR APARIRLAR
31may 2018-ci il
Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Fransanın nüfuzlu şirkət və universitetlərinin mütəxəssislərilə birgə palçıq vulkanları üzrə yeni tədqiqatlar aparırlar.
Geologiya və Geofizika İnstitutu və Fransanın “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkəti 2016-cı ildən başlayaraq Azərbaycanın palçıq vulkanlarının müxtəlif istiqamətli tədqiqilə bağlı müqavilə əsasında elmi araşdırmalar aparırlar. Belə əməkdaşlığın nəticəsi olaraq bir neçə fransalı tələbə, magistr və doktorant Azərbaycanın palçıq vulkanlarının tədqiqi əsasında dissertasiya işlərini müdafiə ediblər. İndiyədək aparılan tədqiqatların nəticələri Avropada bir sıra nüfuzlu geoloji konfrans və digər tədbirlərdə müzakirə edilib və hazırda çap ərəfəsindədir.
Cari ildə də bu əməkdaşlığın davam etdirilməsi haqqında fransalı alimlərin təşəbbüsü ilə yerli İnstitut və“Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə ilə bağlı, Totalın aparıcı mütəxəssisi, Yer elmləri üzrə fəlsəfə doktoru Patris İmbert, Tuluza Universitetinin professoru Fransis Odonne, Qrenobl Universitetinin professoruFrederik Donze, Pau Universitetinin doktorantı Gülce Dinc və Rennes Universitetinin magistri Maelis Pein və onun tələbəsi Viktoria Biçaud Azərbaycana ezam olunublar.
Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin rəhbəri, professor Adil Əliyevin rəhbərliyi altında şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, elm işçisi Elnur Baloğlanov fransalı həmkarları ilə birgə Şamaxı-Qobustan, Abşeron və Aşağı-Kür neftli-qazlı rayonlarında yerləşən Ayazaxtarma, Torağay, Ayrantökən, Qotudağ, Durovdağ, Bozdağ-Güzdək və digər palçıq vulkanlarının tədqiqinə başlayıblar.
Araşdırmalarda əsas hədəf geoloji, geodinamik və fiziki-kimyəvi amillərlə əlaqədar vulkanik qurğunun, o cümlədən onun morfoloji və tektonik formalaşma şəraitinin öyrənilməsi kimi aktual məsələlərin həlli ilə bağlıdır. İlk mərhələdə Azərbaycanın quruda yerləşən palçıq vulkanlarında dron tədqiqatları yerinə yetirilib. Çöl-tədqiqat işlərində, həmçinin qravimetrik, GPS tədqiqatları ilə yanaşı, vulkanik füidlərin və brekçiyanın qaz-hidrokimyəvi və fiziki xüsusiyyətləri üzrə ölçmələr, qazıma işləri də həyata keçirilib. Tədqiqatların növbəti ildə də davam etdirilməsi planlaşdırılır.


AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru