Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Apr 2019 Diqər xəbərlər Diqər xəbərlər

ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB


19 aprel 2019-cu il

Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının növbəti iclasını bu müəssisənin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq “İnnovasiya layihələrinin koordinasiyası şöbəsi”nin rəhbəri Vaqif İbrahimova AMEA-nın Yer Elmləri Bölməsinin “Fəxri Fərman”ını təqdim edib. Mükafat alimin səmərəli elmi və ictimai fəaliyyəti nəzərə alınaraq 27 mart “Elm Günü” münasibətilə verilib.

Dadaş Hüseynov daha sonra iştirakçıları gündəliklə tanış edib. Söz “Azərbaycanda UNESCO himayəli geoparkın yaradılması perspektivləri (geoloji irsin qorunub saxlanılmasına dair)” mövzusunda məruzə etmək üçün GGİ “Geotektonika və regional geologiya” şöbəsinin rəhbəri AMEA-nın müxbir üzvü Tələt Kəngərliyə verilib.

Məruzəçi geoparkların yaradılması istiqamətində beynəlxalq səviyyədə atılmış ardıcıl addımlar, bu istiqamətdə UNESCO-nun müəyyən etdiyi meyarlar, Azərbaycanda geparkların yaradılması üzrə ilk səylər və əldə olunmuş nəticələr və s. barədə təqdimat reallaşdırıb. T. Kəngərli bildirib ki, Naxçıvan ərazisində UNESCO himayəli geopark yaratmaq üçün bütün tələblərə cavab verəcək şərait mövcuddur.Həmçinin eksklüzivlik, poligenlik-poliformluq, inkiçaf etmiş infrastruktur, dayanıqlıq hökm sürür. Nəticələrin təhlili göstərir ki, Naxçıvan MR-də beynəlxalq səviyyəli geoparkın yaradılması üçün təkcə Şahbuz-Ordubad ərazisində 150-dən çox unikal və nadir rast gəlinən geosayt vardır. Burada tarixi-mədəni irsə aid 400-dən çox memarlıq və 280 arxeoloji abidə qeydə alınıb. Bioloji müxtəlifliyi ifadə edən 3000 bitki, 373 heyvan və 226 quş növü yayılıb ki, bunlardan 58 heyvan və 39 bitki növü Azərbaycanın Qırmızı Kitabına salınıb.

Məruzəçi Naxçıvan MR ərazisində mövcud mağaralar, kanyon və dərələr, nadir geoloji, tarixi dağ-mədən, nadir hidroloji, filiz-petroqrafik obyektlər və s. haqqında maraqlı məlumatlar səsləndirib. AMEA-nın müxbir üzvü deyilənləri nəzərə alaraq, mühafizə edilən ərazilərin təşkilində “dördü birində” (geosaytlar, arxeoloji obyektlər, memarlıq abidələri və biomüxtəliflik) modelini tətbiq etməklə Naxçıvan MR-in Şahbuz-Ordubad regionunda “İlandağ” (və ya “Haçadağ”) geoparkının yaradılmasını məqsədəuyğun hesab etiyini bildirib .

Elmi şuranın iclasında “Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasının aksessor mineral-laşması” ETİ-nin yerinə yetirilməsinin gedişatı haqqında” və “Geologiya və Geofizika İnstitutunun Ukrayna alimləri ilə birgə apardığı elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin gedişatı haqqında” g.-m.e.d., professor Adil Əliyevin məlumatı dinlənilib.

İclasda həmçinin “Abşeron-Qobustan zonasında seysmogeodinamik proseslərin inteqrə modeli və onların Abşeron yarımadasının neft yataqlarına təsirinin qiymətləndirilməsi” ETİ proqramının müzakirəsi və qəbul edilməsi (y.e.e.d. Q.R.Babayev), “Seysmologiya və seysmik təhlükə” şöbəsinin rəhbəri y.e.e.d. Q.R.Babayevin namizədliyinin “AMEA-nın professoru” elmi adı almaq üçün irəli sürülməsi məsələlərinə də (gizli səsvermə qaydasında) baxılıb.













GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru