
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
30 Sep 2019
Diqər xəbərlər
GGİ GEOLOJİ - MINERALOJİ MUZEYİ EKSPOZİSİYASININ İLK KATALOQU HAZIRLANIB
30 sentyabr 2019-cu il
Elmi əhəmiyyətinə və formasına görə maraq doğuran çoxsaylı təbiət nümunələrinin qorunduğu AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) Geoloji-Mineraloji muzeyi 1993-cü ildə təşkil olunub. Muzeyin ekspozisiyası Azərbaycanın müxtəlif regionlarından toplanmış mineral, süxur, filiz, fauna və floraya həsr olunub. İyirmi ildən çox bir müddət ərzində muzey öz fəaliyyət sahəsini xeyli genişləndirə bilib. Belə ki, İnstitut əməkdaşlarının – akademiklər Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.Ə.Əlizadə, Q.Ə.Əlizadə, M.M.Əliyev, A.A.Əlizadənin, həmçinin bir neçə nəslə mənsub olan böyük geoloqlar kollektivinin Böyük və Kiçik Qafqazın müxtəlif regionlarında geoloji tədqiqat məqsədi ilə apardıqları çöl işləri zamanı toplanmış materiallar muzey eksponatlarının miqdarını maksimuma çatdırıb. Burada Azərbaycanın neftli-qazlı regionlarından (Abşeron, Bakı arxipelaqı, Kür çökəkliyi, Yevlax,Ağcabədi və b.) gətirilmiş böyük miqdarda kernlər də yer alıb. Muzeydəki mineral, süxur, fauna və flora eksponatları sistemləşdirilib və məlumat bankı tərtib olunub ki, bu da onları daha geniş elmi ictimaiyyətə təqdim etmək məqsədini daşıyır. 500-dən çox mineral və süxur, 200-dən çox fauna və flora nümunəsi muzeyin zalında və İnstitutun dəhlizlərindəki vitrinlərdə nümayiş etdirilir.
Minerallar filiz və qeyri-filiz mineral qruplarına ayrılıb. Muzey zalında və dəhlizlərdə çökmə, maqmatik (intruziv və effuziv) və metamorfik süxurlardan götürülmüş nümunələr, həmçinin inşaat materialları və üzlük daşlar da sərgilənib. Muzey və İnstitutun dəhlizlərindəki vitrinlər paleontoloji materiallarla da zəngindir. Nümayiş olunan materiallar devon, perm, yura, təbaşir, paleogen, neogen, dördüncü dövr faunası ikitayqabıqlılar, mərcanlar, ammonitlər, belem¬nitlər, dəniz kirpiləri və başqalarından ibarətdir. Bu zəngin fauna kolleksiyası Azərbaycanın strukturfasial zonaları üzrə fanerozoyun regional stratiqrafik sxemlərinin qurulmasında, müxtəlif mərtəbələr üzrə monoqrafiyaların yazılmasında, paleocoğrafi xəritələrin tərtib edilməsində faktiki material qismində istifadə edilə bilər.
Geoloji-Mineraloji muzeyin eksponatları İnstitut əməkdaşları ilə yanaşı gənc alim və dissertantların da işinə yarayır. Tələbə və magistrlər muzeyin eksponatları ilə əyani tanış olmaq, onlar haqqında məlumat bankından istifadə etmək imkanı əldə edirlər. Beləliklə, elmi kadrların hazırlanmasında muzeyin fəaliyyəti əsas yerlərdən birini tutur. Muzey digər tərəfdən eksponatlarının lazımi səviyyədə saxlanılmasını, onlar haqqında yeni çapdan çıxmış ədəbiyyatın toplanmasını təmin edir. Burada görkəmli alimlərin yaradıcılıq fəaliyyəti də geniş əks etdirilir.
Muzey öz fəaliyyətini genişləndirmək məqsədi ilə Respublikanın basqa muzeyləri ilə sıx əlaqə saxlayır, bəzi eksponatların yeniləri ilə dəyişdirilməsini təşkil edir və sistemləşdirmə işini mütəmadi həyata keçirir.
Beləliklə, Geoloji-Mineraloji muzeydə toplanmış bir-birindən gozəl və əhəmiyyətli mineral, süxur, filiz, fauna və s. nümunələr bütün təbiətsevənlərdə böyük maraq doğurur. Daha bir maraqlı fakt da odur ki, Geoloji-Mineraloji muzeyi eksponatlarının ilk kataloqu “Nafta-Press” nəşriyyatında çapdan çıxıb.Layihənin rəhbəri akademik Akif Əlizadə, nəşrə məsul GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynovdur.
Kataloqun fotolarını Şirməmməd Nəzərli və Tofiq Rəşidov çəkib.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru