Avtoreferatlar
Abşeron neftli-qazlı rayonunun pliosen yaşlı çöküntülərinin istilik xassələri və istilikdaşınma modelləri
İddiaçı: Pərviz Yunus oğlu Məmmədov
İxtisas: 2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
Elm sahəsi: Yer elmləri
Mövzunun aktuallığı və işlənmə dərəcəsi:
Qlobal iqlim dəyişikliyinin sürətlənməsi, istiləşmənin artması və təbii fəlakətlərin çoxalması, fosil yanacaqların istifadəsinin davamlı nəticələrinin dünyaya olan təsirini açıq şəkildə göstərir. Bu səbəbdən, qlobal səviyyədə yanacaq tipli enerji mənbələrindən istifadənin azaldılması və daha davamlı, ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçid təşviq edilir. Atmosferdə istixana qazlarının artan səviyyəsi iqlim dəyişikliyinin əsas səbəblərindən biri olduğu üçün beynəlxalq təşkilatlar və ölkələr, xüsusilə də COP (Conference of the Parties – Partiyaların Konfransı) sammitləri çərçivəsində, alternativ enerji mənbələrinin inkişafını dəstəkləyən strateji addımlar atırlar.
Azərbaycan, istixana qazı emissiyasını 2050-ci ilə qədər 40% azaltmaq və 2030-cu ilə qədər bərpa olunan enerji üzrə qoyuluş gücünü 30%-ə çatdırmaq kimi hədəflər qoyaraq, yaşıl enerji sahəsində lider olmağa çalışır. Bu hədəflərə çatmaq üçün ölkənin zəngin külək və günəş enerjisi potensialından geniş şəkildə istifadə olunur. COP29 kimi tədbirlərdə Azərbaycanın qlobal iqlim dəyişikliklərinə lider rolu və geotermal enerji sahəsindəki inkişaf təşəbbüsləri ön plana çıxarılaraq, gələcək nəsillər üçün ekoloji cəhətdən daha dayanıqlı bir dünya yaratmaq məqsədi ilə atılacaq strateji addımların vacibliyi vurğulanır.
Geotermal enerji, günəş, külək və hidroelektrik enerji kimi alternativ enerji mənbələri ilə birgə, karbon emissiyalarını azaltmaq və enerji təhlükəsizliyini təmin etmək üçün mühüm vasitələrdən biri hesab edilir. Dünyanın bir çox ölkələrində, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, geotermal enerji sürətli iqtisadi inkişaf və ekoloji baxımdan səmərəli enerji istifadəsi üçün böyük perspektivlər vəd edir. Lakin, Azərbaycanda bu sahədə hələlik daha çox iş görülməsi zəruridir. Geotermal enerji potensialının qiymətləndirilməsi və onun səmərəli istifadəsi, ölkənin enerji mənbələrinin diversifikasiyasına və ekoloji problemlərin həllinə töhfə verə bilər. Abşeron yarımadası kimi ərazilərdə bu potensialın öyrənilməsi isə enerji təhlükəsizliyi və iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədqiqat obyekti və predmeti:
Tədqiqat obyekti Abşeron neftli-qazlı rayonu, predmeti isə Abşeron neftli-qazlı rayonunun hüdudlarında Pliosen yaşlı çöküntülərin istilik xassələri və geotermal resursların qiymətləndirilməsidir.
Tədqiqatın məqsədi və vəzifələri:
Tədqiqatın məqsədi Abşeron NQR-da geotermal enerji resurslarının qiymətləndirilməsi və bundan alternativ enerji mənbəyi kimi istifadə imkanlarının araşdırılmasıdır.
Tədqiqatın vəzifələri aşağıdakılardır:
- Abşeron neftli-qazlı rayonunda geotermik tədqiqat məlumatlarının toplanması və araşdırılması;
- Abşeron neftli-qazlı rayonunda yerləşən Pliosen yaşlı süxurların istilik (enerji) saxlama xüsusiyyətlərinin təyin olunması və araşdırılması;
- Abşeron neftli-qazlı rayonunda Pliosen süxur kompleksində temperaturun üçölçülü paylanma qanunauyğunluqlarının tədqiqi;
- Abşeron neftli-qazlı rayonunda Pliosen yaşlı süxurların geotermal enerji potensialının qiymətləndirilməsi;
- Abşeron neftli-qazlı rayonunda flüidlərin səthə daşıdığı geotermal enerji potensialının qiymətləndirilməsi;
- Abşeron NQR-da geotemal enerji resurslarının paylanma xüsusiyyətləri.
Tədqiqatın metodları:
Kern nümunələrində istilik parametrlərinin təyin olunması və tədqiqi;
Neft quyularında aparılmış termik tədqiqatların (termokarotaj) nəticələrinin tədqiqi;
Süxur kütləsində toplanan geotermal enerjinin qiymətləndirilməsi və tədqiqi;
Neftli-qazlı rayonlarda flüidlərin səthə daşıdığı səmt geotermal enerjisinin qiymətləndirilməsi.
Tədqiqat sahəsində geotermal parametrlərin statistik və məkan paylanmasının təhlili zamanı ArcGIS, Surfer, Grapher və Strater proqramlarından istifadə edilmişdir. Bu proqram təminatları vasitəsilə Pliosen yaşlı çöküntülərdə toplanan geotermal enerjinin sahə üzrə paylanma modelləri, Pliosen yaşlı çöküntülərin tavanı və dabanının dərinlikdə yatım modelləri, temperaturun tavan və dabanda paylanma modelləri, istilik parametrlərinin tavan və dabanda paylanma modelləri və Abşeron NQR-nun geotermal enerji resurslarına görə rayonlaşdırma xəritəsi qurulmuşdur. Grapher proqramı vasitəsilə Abşeron neftli-qazlı rayonunda yerləşən neft quyularında dərinlik boyunca istilik parametrlərinin və temperaturun dəyişmə qanunauyğunluqları araşdırılmışdır. Strater proqramı vasitəsilə isə həmin quyularda süxurların litoloji tərkibini əks etdirən geoloji kəsilişlər qurulmuşdur.
Eyni zamanda, Python proqramlaşdırma mühitində üçölçülü istilikdaşınma modeli qurulmuşdur. Bu model temperaturun dərinlik üzrə paylanmasını və istilikdaşınma prosesini əks etdirir və Abşeron NQR-da Pliosen yaşlı çöküntülər daxilində dinamik şəkildə təqdim edir. Bu yanaşma təkcə geotermal sahələrin qiymətləndirilməsində deyil, həm də istilik daşınma proseslərinin elmi əsaslarla modelləşdirilməsində mühüm rol oynayır.
Müdafiəyə çıxarılan əsas müddəalar:
- Abşeron NQR-da Pliosen yaşlı çöküntülərdə istilik saxlama xüsusiyyətləri və istilikdaşınma modelləri;
- Abşeron NQR-un geotermal enerji resurslarına görə rayonlaşdırılmasının əsas meyarları və istifadə perspektivləri.
Tədqiqatın elmi yeniliyi:
- Abşeron neftli-qazlı rayonunun neft yataqlarının geotermal enerji potensialı qiymətləndirilmişdir və burada binar geotermal enerji dövrlərinin tətbiq olunması əsaslandırılmışdır.
- Abşeron NQR-da Pliosen yaşlı çöküntülərin istilik saxlama xüsusiyyətləri tədqiq olunmuşdur.
- Abşeron neftli-qazlı rayonunun Pliosen kompleksi üçün geotermal enerji resurslarının paylanması araşdırılmış və rayonlaşdırma xəritəsi tərtib edilmişdir.
- Abşeron neftli-qazlı rayonunda Pliosen kompleksi üçün istilikdaşınma mexanizmini əks etdirən modellər qurulmuşdur.
- Abşeron neftli-qazlı rayonunda geotermal mənbələrdən elektrik enerjisinin alınması üsulları araşdırılmış və burada binar sistemlərin tətbiqinin effektivliyi əsaslandırılmışdır.
- Abşeron NQR-un neft mədənlərində səmt geotermal enerji potensialının paylanma xəritəsi qurulmuş və həmin enerjidən səmərəli istifadə üsulları təklif edilmişdir.
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti:
Abşeron neftli-qazlı rayonunda geotermal enerji tədqiqatları, həm nəzəri, həm də praktik əhəmiyyətə malikdir. Tədqiqatın məqsədi, bölgədə geotermal parametrlərin dəqiq ölçülməsi və geotermal rejimin modelləşdirilməsidir. Tədqiqatın nəzəri əhəmiyyəti – Abşeron neftli-qazlı rayonunda temperaturun paylanma modellərinin tərtib edilməsidir. Bu modellər, tədqiqat rayonunda temperaturun zaman-məkan paylanmasının anlaşılmasına kömək edəcəkdir. Tədqiqatın praktiki əhəmiyyəti – Abşeron neftli-qazlı rayonu üçün hesablanmış (alternativ) geotermal enerji potensialı rayonun enerji təchizatında nəzərə alına biləcəkdir. Bu layihələr, regionun enerji təhlükəsizliyini artırmaq və fosil yanacaqların istifadəsini azaltmaq məqsədilə strateji əhəmiyyət kəsb edir.