Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ NƏZDİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.01 Dissertasiya şurasının növbəti iclası keçirilib.
Dissertasiya şurasının sədri geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor Əkpər Feyzullayev Geologiya və Geofizika İnstitutunun "Neftin geokimyası" laboratoriyasının kiçik elmi işçisi və İnstitutun keçmiş doktorantı Samir Qadir oğlu Zeynalovun 2521.01 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Naftalan tipli neftlərin balneoloji fenomeninin geoloji təbiəti: geokimyəvi və flüidodinamik aspektlər" mövzusunda təqdim edilmiş dissertasiya işinin müdafiəsinə həsr olunmasını qeyd edib.
Dissertasiya işinin elmi rəhbərləri g.-m.e.d., AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və f.-r.e.d. Martınova Qalina Sergeyevnadır. Rəsmi opponentlər g.m.e.d., AMEA-nın müxbir üzvü Tələt Kəngərli (AR ETN GGİ), y.e.d., dos. Elçin Bağırov (SOCAR, Axtarış-kəşfiyyat işləri və yataq. qiym. depart.) və g.-m.e.n., dos. Müşviq Tağıyevdir (SOCAR “Neftazelmitədqiqatlayihə” İns.).
Naftalan neftinin müalicəvi xüsusiyyətlərinin yatağın geodinamik inkişafı və flüidodinamik prosesləri ilə əlaqəsinin örənilməsinə həsr olunmuş dissertasiya işi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda yerinə yetirilib.
Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Dilquşa Mirzəyeva dissertasiya şurasına daxil olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra S.Q. Zeynalov dissertasiyanın mahiyyəti və aldığı nəticələr barədə çıxış edib.
Bildirib ki, Naftalan nefti dünyanın nadir və balneoloji baxımdan unikal təbii resurslarından biridir. Dissertasiya işində yerinə yetirilən geoloji-geokimyəvi tədqiqatlar Naftalan neftinin mənşəyi haqqında yeni fikir yürütməyə imkan verə bilər. Naftalan neftinin geoloji təbiətini müəyyənləşdirmək, Azərbaycanın digər neft-qazlı rayonları ərazisində oxşar geoloji şəraitdə formalaşan yataqların neftlərinin müalicəvi xassələrinin aşkar olunmasına da yeni imkanlar açacaq.
İclasda Şura üzvlərinin və rəyçilərin sualları cavablandırılıb və geniş müzakirələr aparılıb. Qərara alınıb ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında Samir Zeynalovun 2521.01 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisasında yer elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün vəsatət qaldırılsın.