Ana Səhifə / Xəbərlər

Xəbərlər

04 Nov 2025 Diqər xəbərlər Diqər xəbərlər

“AMEA-nın 80 İLLİK FƏALİYYƏTİ ƏRZİNDƏ FORMALAŞMIŞ ELMİ MƏKTƏBLƏR AZƏRBAYCAN ELMİNİ BEYNƏLXALQ SƏVİYYƏDƏ TANITMIŞDIR”- AKADEMİK AKİF ƏLİZADƏ

Dövlət başçısının məqsədyönlü siyasəti, milli dövlətçilik prinsiplərinə sadiqliyi, yüksək təşkilatçılıq qabiliyyəti və intellekti təkcə Azərbaycan elmi və cəmiyyətinin deyil, eyni zamanda dünya siyasətçilərinin diqqətini cəlb edir. Onun uzaqgörən siyasəti nəticəsində respublikamızın həyatının bütün sahələri — elm, təhsil, sənaye və mədəniyyət sürətlə inkişaf edir.


Bu sözləri Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə noyabrın 3-də  Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı deyib. 


Alim böyük fərəh hissi ilə qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün yüksək inkişaf etmiş müstəqil dövlətlər sırasına çıxmış, regional və qlobal səviyyədə nüfuzlu mövqe qazanmışdır. Dövlət başçısının milli dövlətçilik prinsiplərinə sadiqliyi, təşkilatçılıq qabiliyyəti və intellekti həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük rəğbətlə qarşılanır.


O, bu əlamətdar tədbirdə böyük məmnuniyyət hissi ilə çıxış etdiyini bildirərək vurğulayıb ki, Prezident İlham Əliyevin yubiley münasibətilə səsləndirdiyi çıxış elmi ictimaiyyəti dərin sevinc və qürur hissinə qərq edib.


AMEA-nın 1945-ci ildə təsis olunmasının Azərbaycan elminin tarixində mötəbər hadisə olduğunu söyləyən akademik Akif Əlizadə bildirib ki, bu elm məbədinin 80 illik inkişaf yolu əzəmətli nailiyyətlərlə zəngindir. Akademiyanın hər bir onilliyi özünəməxsus elmi nəticələri ilə seçilmiş, respublika elminin müxtəlif istiqamətlərdə yeni mərhələyə qədəm qoymasına töhfə verib. Tariximizdə qızıl hərflərlə yazılan bu illər ərzində elmimiz böyük inkişaf mərhələsi keçib. Azərbaycan alimlərinin əldə etdiyi nailiyyətlər sayəsində ölkəmiz bu gün dünya elmi ictimaiyyətində layiqli şəkildə təmsil olunur.


Akademik Akif Əlizadə AMEA-nın 80 illik yubileyini bu elm məbədinin keçdiyi enişli-yoxuşlu, lakin şərəfli yola bir daha nəzər salmaq üçün mühüm fürsət kimi qiymətləndirib. Akademiyanın əsasını qoymuş, ömürlərini elmə həsr etmiş görkəmli alimlərin fədakarlığı sayəsində AMEA bu gün elmə həsr etmiş görkəmli alimlərin alimlərin zəhməti və fədakarlığı sayəsində AMEA bu gün ölkəmizdə fundamental və tətbiqi elmlərin inkişafı, əlaqələndirilməsi və elmi məktəblərin formalaşması baxımından əsas elm ocağına çevrilib.


Alim qeyd edib ki, AMEA-nın fəaliyyəti nəticəsində Azərbaycan öz çağdaş intellektual elitasını, milli dövlətçilik ideologiyasını və azərbaycançılıq amalını formalaşdırıb. Akademiyanın 80 illik fəaliyyəti ərzində formalaşmış elmi məktəblər, görkəmli alimlərin tədqiqatları və yaradıcı fəaliyyəti Azərbaycan elmini beynəlxalq səviyyədə tanıdıb.


Baş direktor bildirib ki, Azərbaycan elminin yaranmasının 80 illik yubileyi yalnız bir elm qurumun deyil, bütövlükdə milli mənəviyyətimizin, ziyalılıq ənənəmizin təntənəsidir: “Biz ziyalılar 10 illər əvvəl olduğu kimi, bu gün də görkəmli alimlərlə birgə çalışmaqdan qürur duyuruq. Azərbaycan elminin inkişafına misilsiz töhfə vermiş, bu elm məbədinin formalaşmasında böyük rol oynamış alimlərin əziz xatirəsi qarşısında baş əyirik. Onların gördüyü layiqli işləri bir daha hörmət və minnətdarlıqla xatırlamaq hər birimizin mənəvi borcudur”.


AMEA-nın 80 illik yubileyi ərəfəsində Akademiyanın strukturunda və fəaliyyət istiqamətlərində mühüm islahatların həyata keçirildiyini deyən akademik Akif Əlizadə elm və təhsilin inteqrasiyası, tədqiqatların səmərəliliyinin artırılması və müasir dünyanın tələblərinə cavab verən elmi mühitin formalaşdırılması istiqamətində atılan addımları yüksək qiymətləndirib. O, müasir dövrdə təhsilin məzmununun yenilənməsi, elmi-tədqiqat fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və gənc alimlərin elmə cəlb edilməsinin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.


Alim bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, ölkəmizdə də ömürlük təhsilə keçidin müasir dövrün ən aktual istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, bu sahədə səmərəli mexanizmlərin formalaşdırılması, elmi və pedaqoji potensialın birləşdirilməsi üçün dövlət tərəfindən hər cür imkanlar yaradılır: “Təhsil sistemi yalnız bilik ötürən deyil, düşünməyi, təhlil etməyi və nəticə çıxarmağı öyrədən mühit olmalıdır. Məktəblər və ali təhsil müəssisələri şagird və tələbələrdə müstəqil düşüncə tərzini, öz fikrini əsaslandırmaq və müdafiə etmək bacarığını formalaşdırmalıdır”. 


Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi fikirlərə əsaslansaq, ölkənin gələcəyi alimlərin mövqeyindən və fəaliyyətindən asılıdır. Böyük siyasətçinin müəyyən etdiyi strateji istiqamətlər göstərir ki, inkişaf yalnız bilik və bacarıqlara yiyələnmək deyil, həm də şəxsiyyətin özünü kamilləşdirməsi və vətəndaş məsuliyyətinə cavab vermək qabiliyyəti ilə mümkündür.


Çıxışı zamanı gənc alimlərə müraciət edərək onları elmə sadiq olmağa, Azərbaycan elminin inkişafı naminə ardıcıl çalışmağa çağıran akademik Akif Əlizadə  onu da vurğulayıb ki, elm bilik və istedadla yanaşı, məsuliyyət və fədakarlıq tələb edir: “Gənclər Azərbaycan elminin banilərinin qoyduğu ənənələri davam etdirməli, onların əsərlərinə istinad etməklə bu mirası zənginləşdirməlidirlər. Elm varsa, kəşflər də olacaq, kəşflər varsa, Azərbaycan daha da güclü və tərəqqipərvər dövlətə çevriləcək”.


Akademik Akif Əlizadə çıxışının sonunda AMEA-nın 80 illik yubileyinin Azərbaycan elminin tarixi inkişaf yoluna dəyərli bir töhfə olduğunu vurğulayaraq, Akademiyaya gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

 

“AMEA-nın 80 İLLİK FƏALİYYƏTİ ƏRZİNDƏ FORMALAŞMIŞ ELMİ MƏKTƏBLƏR AZƏRBAYCAN ELMİNİ BEYNƏLXALQ SƏVİYYƏDƏ TANITMIŞDIR”- AKADEMİK AKİF ƏLİZADƏ
next
next