Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-nin NÖVBƏTİ ELMİ ŞURA İCLASINDA BİR SIRA ELMİ-TƏŞKİLATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
Geologiya və Geofizika İnstitutunda Elmi şuranın növbti iclası keçirilib. Gündəlik səsə qoyulub təsdiq edildikdən sonra iclasın sədri Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə “Böyük və Kiçik Qafqazın ön çökəkliklərinin maykop dəstəsi karbohidrogen sistemlərinin müqayisəsi” məruzəsi üçün sözü AMEA müxbir üzvü Elmira Əliyevaya verib.
E.Əliyeva bildirib ki, deyilən mövzuda aparılan tədqiqatlardan məqsəd Böyük və Kiçik Qafqazın ön çökəkliklərindəki neft sistemlərinin fərqlərinin səbəblərini aşkar etmək olub. Bu məqsəsdlə Orta Kür çökəkliyi daxilində Maykop çöküntüləri, Kür-Xəzər meqahövzəsinin müxtəlif hissələrində, Yevlax-Ağcabədi çökəkliyində, Gəncə və Muradxanlı NQR-in geniş bir hissəsində və digər tədqiqat obyektlərində qum laylarının mövcudluğu, üzvi maddələrin karbohidrogenlərə çevrilməsi üçün əlverişli termodinamik şərait, orqanik maddənin kifayət qədər katagenetik yetkinliyi təhlil edilib və müvafiq elmi nəticələr əldə edilib. Məruzə ətrafında Elmi şura üzvlərinin çıxışları olub, həmçinin çoxsaylı suallar cavablandırılıb.
Akademik Akif Əlizadə “Azərbaycanın tibbi-geoloji atlası”nın hazırlanmasının vəziyyəti haqqında Geologiya və Geofizika İnstitutu, Coğrafiya İnstitutu, Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi mütəxəssislərinin birgə səyi ilə hazırlanacaq nəşr barədə geniş məlumat təqdim edib, iştirakçıların yeni nəşrlə bağlı suallarını cavablandırıb.
Sonra Milli Məlumat Mərkəzində (CTBTO) yerinə yetirilən işlərin gedişatı barədə y.e.f.d. Rafiq Səfərovun, Dissertasiya şurasının fəaliyyəti haqqında t.e.n. Dilguşa Mirzəyevanın, Mütəxəssislər şurası – Kollokviumun fəaliyyəti haqqında Səadət Ələkbərovanın, “Geoservice GGİ” Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti ilə bağlı g.-m.e.n. Samir Məmmədovun məlumatları dinlənilib.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli elmin populyarlaşdırılması, təbliği və təşviqi istiqamətində Geologiya və Geofizika İnstitutunun fəaliyyəti haqqında hesabat təqdim edib. Həmçinin bildirib: “Akademik Akif Əlizadənin layihə təhbəri olduğu “Elmin cazibəsi” seriyasının son 5 ildə 4 cildi işıq üzü görüb. Bu il 5-ci kitab RF Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) elmi fəaliyyət göstərən azərbaycanlı alimlərə həsr edilib. Əsər elə həmin İnstitutun nəşriyyat şöbəsində bizim iştirakımızla çapa hazırlanaraq bu yaxınlarda oxuculara təqdim edilib. Birləşmiş Nüvə Tədqiqatları İnstitutu elmi şurasının 138-ci sessiyasında “Elmin cazibəsi 5” kitabının təqdimat mərasimi reallaşıb. Təqdimatda kitab haqqında çıxışlar olub, Nüvə Tədqiqatları İnstitutunun baş elmi katibi Sergey Nedelko və Nüvə problemləri laboratoriyasının direktoru Yevgeniy Yakuşev kitab haqqında yüksək fikirlər səsləndiriblər.Bildirilib ki, BNTİ-də fəaliyyət göstərən digər milli icmaların da bu cür nəşr hazırlaması çox arzuolunandır.”
Sonda Elmi şura iclasında bir sıra cari məsələlərə baxılıb.