
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
BİR SUAL
Şöbənizdə yeni seysmik monitorinq metodologiyalarının işlənib hazırlanması, mövcud yanaşmaların təkmilləşdirilməsilə bağlı nə deyə bilərsinz?
Sualı GGİ Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayev cavablandırır:
- Müasir seysmoloji üsullar standart mikrorayonlaşdırmadan başlayaraq seysmik təhlükə və riskin qiymətləndirilməsinə qədər həll edilməli olan geniş məsələlələrlə xarakterizə olunur. Son illərdə seysmoloqlar dünyanın müxtəlif regionlarının seysmik təhlükəsini qiymətləndirmək üçün mövcud metodların təkmilləşdirilməsinə layiqli töhfələr veriblər. Belə ki, əldə edilmiş nailiyyətlər sayəsində yüksək seysmik aktivliklə səciyyələnən ərazilərdə zəlzələlərin nəticələrinin dərəcəsini azaltmaq üçün tədbirlər həyata keçirmək mümkün olmuşdur. Bir şöbə rəhbəri olaraq bildirmək istərdim ki, hazırda seysmik rejim, regionun seysmikliyinin məkan-zaman xüsusiyyətlərinin riyazi-statistik metodlarla öyrənilməsi, qiymətləndirilməsi və paylanmasının praktiki tətbiqini aparırıq. Həmçinin Nakamura metodu ilə qrunt xüsusiyyətlərinin seysmik intensivliyə təsirinin təyin edilməsi, eləcə də Abşeron yarımadası və Talış ərazisi üçün ehtimal və deterministik nəzəriyyələrinə əsasən seysmik təhlükələrin qiymətləndirilməsi yekunlaşıb.Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin doktorantları tərəfindən ölkəmizin müxtəlif əraziləri üçün zəlzələlərin maqnituda paylanması parametri də Qutenberq-Rixter qanununa əsasən qiymətləndirilib. Çöl işlərinin nəticəsi olaraq şöbədə klaster analizi, Alan faktoru və çoxölçülü qruplaşma metodu vasitəsilə baş verən seysmik hadisələrin ardıcıllığının dinamikasının tədqiq edilməsi davam edir.
Şöbəmizin ekspedisiya qrupunun apardığı çöl işləri nəticəsində müxtəlif süxur nümunələrinin toplanılması aparılır və həmin nümunələr beynəlxalq universitetlərin nəzdində fəaliyyət göstərən analitik laboratoriyalara göndərilir.
Onu da deyim ki, seysmik təhlükənin qiymətləndirilməsinin bir istiqaməti olan paleoseysmoloji tədqiqatlar ərazinin keçdiyi geoloji-geodinamiki proseslərinə, neotektonik quruluşa və minilliklər ərzində uzunmüddətli seysmik rejimin aydınlaşdırılmasına əsaslanır. Paleoseysmoloji tədqiqatlar qədim tarixi güclü zəlzələlərin (”paleozəlzələlərin”) mümkün olan izlərinin aşkarlanmasını, relyef deformasiyasının təhlilini və səthə yaxın qruntda layların təbəqələşməsinin təhlil edilməsini özündə geniş ehtiva edir. Süxur nümunələrinin analizi əsasında yaşlarının təyin edilməsi və morfoloji xüsusiyyətlərinin öyrənilməsi paleoseysmologiyanın əsas mərhələləri hesab edilir.
Şöbəmizdə 2024-cü ildən paleoseysmoloji tədqiqatlarına başlanılıb. Süxur nümunələrinin toplanılması işini Orta Kür çökəkliyinin şimal-qərb ərazisində, o cümlədən Ceyrançöl, Şəmkir, Tovuz, Gəncə və bitişik ərazilərdə reallaşdırılıb.
Şöbəmiz İtaliyanın Ətraf Mühitin Təhlili Metodologiyaları İnstitutu və Milan-Bikokka Universiteti, həmçinin Türkiyə, Almaniya, İsrail, Gürcüstan, Rusiya, Moldova, Ukrayna, Özbəkistan və dünyanın bir sıra digər ölkələrində yerləşən müxtəlif universitetlər və təşkilatlar ilə əməkdaşlıq edir.
Əldə edə bildiyimiz uğurlar bir çox impakt-faktorlu jurnallarda çap olunub və beynəlxalq konfranslarda təqdim edilib.