Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Feb 2025 Diqər xəbərlər Diqər xəbərlər

GÖRKƏMLİ ALİM ZAKİR ABDULLAYEV VƏFAT EDİB

Geologiya və Geofizika İnstitutu Filiz-maqmatik sistemləri və minerageniya şöbəsi Minerologiya və geokimya sektorunun rəhbəri Zakir Abdullayev 88 yaşında vəfat etmişdir.


Abdullayev Zakir Bünyat oğlu 1937-ci ildə Azərbaycanın Şəmkir rayonunun Qaraçəmirli kəndində doğulmuşdur. 1959-cu ildə  mühəndis geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1968-ci ildə “Kiçik Qafqazın ultraəsasi süxürlarında dəmir fəsiləsi elementlərinin geokimyası” mövzusunda namizədlik, 1992-ci ildə  “Kiçik Qafqazın ofiolit assosiasiyasının bazit-hiperbazit (petrokimya, geokimya və filizliliyin geokimyəvi kriteriləri) kompleksi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.


Z.Abdullayevin elmi maraqları ofiolit assosiasiyasının bazit-hiperbazit kompleksinin petroloji-geokimyəvi xüsusiyyətləri və filizliliyi ilə sıx əlaqədar olmuşdur. Son illər onun rəhbərliyi altında ölkəmizdə tükənməz ehtiyata malik  serpentinit və perlit qarışıqlarından hidrotermal sintez vasitəsilə seolitəbənzər absorbentlər və odadavamlı materiallar almaq üzərində eksperimentlər aparılmışdır.


Alim onlarla beynəlxalq və yerli konfrans və simpoziumda iştirak etmiş, 130-dan çox elmi əsəri respublikamızda, həmçinin  elmi ictimaiyyətin tanıdığı bir çox xarici ölkə jurnallarında da dərc edilmişdir. O, bir monoqrafiyanın müəyyəfi, üç elmi əsərin həmmüəllifidir. Eyni zamanda ixtisas fənlərindən dərslik və dərs vəsaiti nəşr etdirmişdir. Elmi nailiyyətlərinə görə Milli Elmlər Akademiyasının «Fəxri Fərmanı» və Azərbaycan Respublikasının «Tərəqqi» medalı ilə təltif olunmuşdur.


Görkəmli alim Zakir Abdullayevin xatirəsi daim qəlblərdə yaşayacaqdır. ALLAH rəhmət eləsin!

 

GÖRKƏMLİ ALİM ZAKİR  ABDULLAYEV VƏFAT EDİB
next
next