Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ ALİMLƏRİNİN MƏQALƏSİ ABŞ-ın YÜKSƏK İMPAKT FAKTORLU JURNALINDA DƏRC EDİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Adil Əliyevin, Orxan Abbasovun və Elnur Baloğlanovun ABŞ və Çin həmkarları ilə birlikdə palçıq vulkanları qazlarının mənşəyinə həsr etdikləri məqalə Amerikanın “Geologiya” jurnalında çap olunub.
ABŞ Geoloqlar Cəmiyyətinin nüfuzlu “Geologiya” jurnalı uzun illərdir ki, “Web of Sciences” bazasında indeksləşən gelogiya istiqamətli jurnallar arasında birinci yerdə qərarlaşır. H indeksi 205 olan jurnal yalnız dünya elmi üçün çox böyük önəm kəsb edən, məhdud həcmdə (dörd səhifəlik) təqdim olunmuş tədqiqat nəticələrini iki dəfə resenziya etməklə dərc edir.
GGİ alimlərinin sözügedən tədqiqat işi Azərbaycanın palçıq vulkanlarının atmosferə xaric etdikləri metan qazının əmələ gəlməsində termogen və biodeqradasiya proseslərinin öyrənilməsinə həsr edilib. Bunun üçün ənənəvi yanaşmalardan fərqli olaraq ilk dəfə qruplaşmış izotopoloq (13CH3D və 12CH2D2) analizlərinin nəticələrinə istinad edilib. Alınan yeni elmi nəticələrdə metanın mənşəyi haqqında daha dəqiq məlumatların əldə olunması üçün məhz izotopoloqların öyrənilməsinin zərurəti aşkarlanıb. Bu yanaşma əvvəlki tədqiqatlarda geniş istifadə olunan metanın və karbonun izotop məlumatlarının bir sıra geokimyəvi amillərdən təsirlənərək, ənənəvi istifadə olunan izotop göstəricilərinin süni şəkildə dəyişilməsini sübut edir.