Elmlər doktoru


Kür çökəkliyində lokal strukturların axtarışı və neftli-qazlılığının qiymətləndirilməsində qravi-maqnit kəşfiyyatının geoloji səmərəliyinin artırılması

Qədirov Vaqif Qədir oğlu


Kür çökəkliyi Qafqaz regionunda ən iri struktur elementlərdən biri olub, şimal-qərbdə Dzirul massivindən cənub-şərqdə Xəzər dənizinə qədər böyük bir ərazini əhatə edir. Çökəklik daxilində çoxsaylı dərinlik qırılmaları, gömülmüş maqmatik, fəaliyyətdə olan palçıq vulkanları geniş intişar tapmışdır ki, bu da geoloji kəsilişi çox mürəkkəbləşdirmişdir.

Kür çökəkliyinin Azərbaycan ərazisində yerləşən hissəsində geolojigeofiziki məlumatlar əsasında 365-dən artıq lokal qalxım, antiklinal qurşaqlar, onları bir-birindən ayıran sinklinallar və d. struktur-tektonik elementlər aşkar edilmişdir. Mezozoy, Paleogen-Miosen, Pliosen-Antropogen çöküntülərinə mənsub olan bu qalxımların 40-dan çoxunda müxtəlif stratiqrafik mərtəbələrə uyğun gələn çökmə, vulkanogen, vulkanogen-çökmə süxurlarda neftlilik-qazlılıq müəyyənləşdirilmişdir.

Lakin, bir çox halda, hətta hazırlanmış strukturlar daxilində belə qazılmış dərin quyular neftlilik-qazlılığı müəyyənləşdirməmiş, lokal strukturun varlığı və fəza vəziyyəti aydınlaşmamışdır. Aparılmış qravi-maqnitometrik eksperimental tədqiqatlar göstərir ki, çökəkliyin daxilində daha çox sayda lokal strukturlar mövcuddur və onlar neftlilik-qazlılıq baxımından maraq doğurur.

Digər geofiziki üsullarla müqayisədə öz mobilliyi ilə fərqlənən qravimaqnitometrik kəşfiyyat üsullarının bir çox xarici ölkələrdə strukturların aşkar edilməsi və onların neft-qazlılığının qiymətləndirilməsində yüksək effektliyinin qeyd edilməsi Azərbaycanda da bu üsulların tətbiqinin əhəmiyyətli olduğunu göstərir. Ona görə də, Kür çökəkliyində lokal strukturların axtarışında və onların neftli-qazlılığının proqnozlaşdırılmasında qravimaqnitometrik kəşfiyyat üsullarının tətbiqi və onların geoloji səmərəliliyinin artırılması çox aktualdır.

Çöl işlərinin düzxətli, paralel profillər şəbəkəsindən aparılması, aralıq qat sıxlığının seçilməsi, sıxlıq artımının yeni yanaşma ilə hesablanması, maqnit qavrayıcılığının bütün kəsiliş boyu öyrənilməsi, qalxımlar, vulkanogen əmələgəlmələr, neft-qazlılıqla bağlı lokal qravi-maqnit anomaliyalarının ayrılması məsələlərinin həllinin qravimetrik
və maqnitometrik kəşfiyyat işlərinin yüksək səviyyədə və səmərəli yerinə yetirilməsində böyük praktiki əhəmiyyətə malik olduğu sübut olunur.

Mezozoy çöküntü kompleksinin dərinliyi ilə ağırlıq qüvvəsi sahəsi arasında tərtib edilmiş korrelyasiya əlaqələri düsturları, qalxımların, qırılmaların, pazlaşma zonalarının, neft-qaz yataqlarının qravi-maqnit sahələrdə əks olunması üzrə aparılmış nəzəri və təcrübi tədqiqatların nəticələri Azərbaycanda aparılan qravi-maqnitometrik kəşfiyyat işlərində uğurla istifadə olunur.

Kür çökəkliyinin müxtəlif sahələri üçün tərtib edilmiş struktur xəritə və proqnoz sxemlərində onlarla yeni qalxımın neft-qaz perspektivliyi göstərilmiş və axtarış-kəşfiyyat qazıma işlərinin istiqamətləndirilməsi üzrə təkliflər verilmişdir. Bunlar ARDNŞ-nin müvafiq strukturları tərəfindən istifadə olunmuş və bundan sonra da istifadə edilə bilər.