Xəbərlər


AZƏRBAYCAN GEOLOGİYA ELMİNƏ AĞIR İTKİ ÜZ VERİB


18 mart 2022-ci il

GGİ “Petrologiya və mineralogiya” şöbəsinin rəhbəri Musa Məmmədov vəfat edib.

Musa Nəsib oğlu Məmmədov 1940-cı il sentyabr ayının 20-də Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. 1958-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olub. 1966-cı ildə oranı faydalı qazıntıların kəşfiyyatı ixtisası üzrə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) Petrologiya şöbəsində əvvəlcə baş laborant, 1972-ci ildən 1984-cü ilə kimi kiçik elmi işçi,1984-1990-cı illərdə Mineralogiya labortoriyasında böyük və aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildən 2000-ci ildən “Mineralogiya və geokimya”, 2020-ci ildən “Petrologiya və mineraligiya” şöbəsinə rəhbərlik edib.

M.Məmmədov 1984-cü ildə Moskva Dövlət Universitetində “Talışın qələvi bazalt və qələvi ultra əsası formasiyalarının petroloji xüsusiyyətləri” mövzusunda namizədlik, 1999-cu ildə Gürcustan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda “Kiçik Qafqazın və Talışın üst təbaşir və paleosen yaşlı maqmatik süxurlarının petrologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

M.Məmmədov 150-dən çox elmi əsərin, o cümlədən 10 kitabın, 2 kəşfin müəllifi və həmmüəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunmuş, xaricdə və ölkəmizdə keçirilən Beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb.

İstedadlı alimin apardığı elmi-tədqiqat işləri petrologiyanın ən aktual problemlərindən olan ilkin mantiya bünövrəsinin homogenliyi və heterogenliyi, onun ərimə payı, təkamül prosesi kimi mürəkkəb bir problemə həsr olunmuşdur. Bu problemin fonunda alimin bilavasitə rəhbərliyi altında yüksək ixtisaslı petroloq və mineroloqlar hazırlayıb.

M.Məmmədov və onun rəhbərlik etdiyi “Mineralogiya və geokimya” sektorunun əməkdaşlarının fəaliyyəti həmçinin süxur və filizəmələgətirən mineralların tipomorf xüsusiyyətləri əsasında Kiçik Qafqazın və Talışın maqmatik komplekslərinin və onlarla əlaqədar olan faydalı qazıntı yataqlarının təkamül proseslərinin, geoloji-geodinamik, fiziki-kimyəvi şəraitlərinin araşdırılması kimi aktual məsələlərin həllinə yönəldilib.

Musa Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

ALLAH rəhmət eləsin!