Xəbərlər


GEOLOQ VƏ GEOFİZİK TƏLƏBƏLƏRİN ÜMUMRESPUBLİKA OLİMPİADASININ FİNAL MƏRHƏLƏSİ KEÇİRİLİB


10 mart 2022-ci il

Geologiya və Geofizika İnstitutunun (GGİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2021-ci ilin dekabrın 15-də elan edillmiş “Gələcəyə addım-2” Ümumrespublika olimpiadasının final mərhələsi işini yekunlaşdırıb.

GGİ-də baş tutan final mərhələsində bu elm müəssisəsinin baş direktoru akademik Akif Əlizadə, İnstitutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, elmi katib g.-m.e.n. Yeganə Lətifova və digər alimlər iştirak ediblər.

Müsabiqənin təşkilinə, həmçinin onun final mərhələsinin icrasına rəhbərlik edən akademik Əkpər Feyzullayev tədbirin mahiyyəti haqqında verdiyi məlumatda bildirib ki, geologiya və geofizika üzrə təhsil alan tələbələr arasında keçirilən müsabiqə 27 mart - Elm gününə həsr olunub. Tədbirdən əsas məqsəd ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, onları istiqamətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq olub. Müsabiqəyə 5 təşkilatdan 38 nəfər, o cümlədən 14 bakalavr və 24 magistr müraciət edib. İki mərhələdən ibarət olimpiadanın birinci mərhələsində iştirakçılara təqdim edilən istiqamətlər üzrə müəyyən meyarlara cavab verən esseni Azərbaycan, ingilis və ya rus dilində hazırlamaq tapşırılıb. Bu mərhələdə ETK üzvləri esselərin hazırlanması ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirərək final mərhələsi üçün namizədlərin müəyyənləşdirilməsi prosesində üstünlük veriləcək meyarlar haqqında geniş məlumat təqdim ediblər. Final mərhələsində ETK üzvləri hazırlanan esselərlə bağlı hər bir finalçı ilə fərdi qaydada müsahibə aparıblar. Eyni zamanda onların bilikləri əyani qiymətləndirilib, eləcə də müsabiqənin məqsədlərinə uyğun olaraq gələcək fəaliyyətləri və perspektivlərilə bağlı istiqamətləndirici tövsiyələr verilib.

Mükafat fondu 1800 AZN olan olimpiadanın final mərhələsi üçün iştirakçıları müəyyənləşdirmək məqsədilə ETK üzvləri gənc geoloq və geofiziklərin təqdim etdikləri esselərlə tanış olmuş, həmçinin bu işlərin təfsilatlını araşdırıblar.

Təşkilat komitəsinin qərarı ilə olimpiadada 1-ci yerə (800 manat) Bakı Ali Neft Məktəbinin magistrı Orxan Məmmədov, 2-ci yerə (600 manat) Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin bakalavrı Nəzrin Şıxəhmədova, 3-cü yerə (400 manat) Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin magistrı Eldar Babayev layiq bilinib. Həmçinin Geologiya və Geofizika İnstitutunun magistrı Cəlal Əsgərova və Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin bakalavrı Həsən Cavadova 250 manat məbləğində həvəsləndirici mükafat verilməsi qərara alınıb.

Olimpiadanın final mərhələsinin bütün iştirakçılarına isə sertifikatlar təqdim ediləcək.