Xəbərlər


AZƏRBAYCAN GEOLOGİYA ELMİNƏ AĞIR İTKİ ÜZ VERİB

 
11 fevral 2022-ci il

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Metasomatizm və metamorfizm şöbənin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Cəbrayıl Azadəliyev 87 yaşında vəfat edib.

Cəbrayıl Əbdüləli oğlu Azadəliyev 1935-ci il noyabrın 29-da Qərbi Azərbaycanın Qafan rayonunun Mahmudlu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (hazırki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin “Geoloji çəkiliş və faydalı qazıntı yataqlarının axtarışı” şöbəsini fərqlənmə diplomu ilə bitirib.

1959-cu ilin iyun ayından akademik Mirəli Qaşqayın şəxsi təşəbbüsü ilə Geologiya İnstitutuna (indiki Geologiya və Geofizika İnstitutu) təyinat alıb, 1961-ci ildə əyani aspirant, sonra kiçik elmi işçi, böyük elmi işçi kimi fəaliyyət göstərib. Metasomatizm və metamorfizm şöbəsinin rəhbəri.

1966-cı ildə “Cənubi Daşkəsən dəmir filizi yatağında skarnəmələgəlmə prosesləri” mövzusunda dissertasiya müdafiə edərək geologiya elmləri namizədi adına layiq görülüb. 1998-ci ildə “Plutonogen-üçvəhdətli kontakt-termal metamorfizm, skarnfilizəmələgəlmə və mis-porfir filizləşməsi prosesləri (Kiçik Qafqaz timsalında)” mövzusunda dissertasiya müdafiə edərək geologiya elmləri doktoru adına layiq görülüb.

Professor Cəbrayıl Azadəliyev metamorfizm, metasomatizm və filiz əmələgəlmə proseslərinin fiziki-kimyəvi analizi, filiz yataqlarının geologiyası, mineralogiyası və geokimyası, endogen metallogeniya, genetik mineralogiya və fiziki geokimya, tətbiqi geologiya, geoekologiya elm sahələri üzrə tədqiqatlar aparıb. Azərbaycanda metasomatik mineraləmələgəlmə proseslərinin öyrənilməsi sahəsində yeganə mütəxəssis olaraq elmin bu mütərəqqi istiqamətini müvəffəqiyyətlə inkişaf etdirib. Alimin bu sahədə əldə etdiyi 20-dən çox dəyərli elmi və tətbiqi nəticələr ən mühüm nailiyyətlər qismində SSRİ Elmlər Akademiyasının və AMEA-nın illik hesabatlarına daxil edilib.

Alim, həmçinin yer qabığında kalsiumlu skarnların əmələ gəlməsinin konvergentliyi ideyasını irəli sürüb. Kiçik Qafqaz regionunun tektonik-maqmatik inkişafı ərzində yer qabığında yaranmış “filiz-maqmatik sistemlər”in ayrılması prinsiplərini işləyib hazırlayaraq, maqmatik kütlənin homodrom təkamülü ilə əlaqədar bu sistemlərin hidrotermal fəaliyyətinin ikili xarakterli (maqmanın özünün təkamülü ilə bağlı hidrotermal məhlulların bilavasitə təkamülü) ideyasını irəli sürərək əyani olaraq əsaslandırıb.

Professor C.Azadəliyev 60-dan çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı elmi konfransların, müşavirələrin, sessiyaların fəal iştirakçısı olub. Metasomatik filizəmələgəlmə sahəsində uzaq xaricdə və SSRİ məkanında kifayət qədər tanındığına görə C.Azadəliyev vaxtilə SSRİ EA-nın Filizəmələgəlmə Şurasının Metasomatizm seksiyasına (1972), həmin Şuranın Metamorfizm və Metamorfogen Flizəmələgəlmə Komissiyasına (1982), SSRİ EA-nın Petroqrafiya Komitəsinin Metamorfizm Komissiyasına (1983) üzv seçilib. O, Ümumittifaq Mineralogiya Cəmiyyətinin və Azərbaycan Mineralogiya Cəmiyyətinin üzvü olub (1960), Azərbaycan Mineralogiya Cəmiyyətinin vitse-prezidenti (1995) seçilib.

C.Azadəliyev 300-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiya, dərs vəsaitlərinin, eləcə də magistrantlar üçün tədris proqramlarının müəllifi idi.

Səmərəli elmi və ictimai fəallığı ilə seçilə alim “Tərəqqi” medalı, AMEA-nın “Fəxri fərmanı”, 60 illik yubileyi münasibətilə AMEA Yer Elmləri Bölməsinin “Fəxri fərmanı”, 70 illiyi ilə əlaqədar AMEA-nın “Fəxri Fərmanı” ilə olunub.

Tanınmış geoloq alim, professor Cəbrayıl Azadəliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!